"Amazon" şirkəti satış həcminə görə dünya reytinqində birinci yerə yüksələrək ABŞ-nin nəhəng pərakəndə satış şəbəkəsi olan "Walmart"ı geridə qoyub.
Moderator.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
2025-ci ilin yekunları əsasında "Amazon"un satış dövriyyəsi təxminən 717 milyard dollar təşkil edib. "Walmart"ın göstəricisi isə 713.2 milyard dollarda qalıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə "Walmart" 681 milyard dollarla liderliyini qoruyurdu, "Amazon"un satışları isə 638 milyard dollar idi. Beləliklə, "Amazon" bir il ərzində sürətli artım nümayiş etdirərək əsas rəqibini taxtından endirməyi bacarıb.
Hazırda "Amazon" dünyanın ən böyük onlayn pərakəndə satış platforması hesab olunur və onun xidmətlərindən ayda orta hesabla 2.7 milyard istifadəçi yararlanır. Öz növbəsində "Walmart" dünya üzrə 10 mindən çox mağaza və ticarət klubuna sahib olan ən böyük fiziki pərakəndə satış şəbəkəsi statusunu saxlayır. Lakin onlayn ticarətin sürətli inkişafı "Amazon"u ümumi liderliyə daşıyıb.