Dünya
421
19 Feb 2026 | 21:50

"İşğal əvəzinə "başsızlaşdırma": İranla ABŞ arasında hərbi münaqişə necə görünə bilər?" - "Foreign Policy"

"İran vəziyyətin ciddiliyini düzgün qiymətləndirmir..."

ABŞ Yaxın Şərqdə 2003-cü ildə İraqa müdaxilədən bəri ən böyük hərbi-hava qruplaşmasını toplayır. Məqsəd təkcə birdəfəlik zərbə deyil, həftələrlə davam edə biləcək genişmiqyaslı hava əməliyyatı imkanını yaratmaqdır.

Moderator.az xəbər verir ki, bu barədə "foreignpolicy.com" nəşri yazıb.

Ekspertlər hesab edir ki, Tehran Vaşinqtonun niyyətlərini yanlış oxuya bilər. İran rəhbərliyi danışıqları uzatmaqla vaxt qazanmağa çalışır və düşünür ki, ABŞ ənənəvi "institusional ritm"lə hərəkət edəcək. Lakin Ağ evin hazırkı sahibi Donald Tramp fərqli davranır - o, uzun gözləməyi strateji üstünlük saymır və "əvvəl zərbə, sonra danışıqlar" modelinə üstünlük verə bilər.

"Başsızlaşdırma" ssenarisi və hərbi planlar

Tammiqyaslı işğal, yəni İraq modeli Vaşinqtonda real hesab olunmur. Bunun əvəzinə "başsızlaşdırma" adlandırılan variant müzakirə edilir: hakimiyyətin zirvəsinə, hərbi-siyasi rəhbərliyə və strateji obyektlərə nöqtəvi zərbələr.

Hədəflər sırasında ali dini lider ayətullah Əli Xamenei, əsas hərbi fiqurlar, nüvə obyektləri və raket infrastrukturu göstərilir. Məqsəd İranı məhv etmək deyil, "eskalasiyada dominantlıq" nümayiş etdirməklə rejimin mümkün varislərini Vaşinqtonun şərtləri ilə danışıqlara məcbur etməkdir.

Analitiklərin fikrincə, hərbi kampaniya diplomatiyanın sonu yox, onun "ilkin şərti" kimi nəzərdən keçirilir. İsrail baş naziri Benyamin Netanyahu xüsusilə İranın ballistik raket proqramının ləğvində israrlıdır. Tehran üçün isə bu arsenal əsas çəkindirmə vasitəsidir və ondan imtina son dərəcə ağrılı addım sayılır.

Zəifləyən mövqelər və riskli eskalasiya

Ekspertlərin qənaətinə görə, İranın regional dayaqları son illərdə zəifləyib. Livanda "Hizbullah" ciddi təzyiq altındadır, Qəzzada HƏMAS-ın hərbi potensialı böyük ölçüdə sıradan çıxarılıb, Suriyada mövqelər sarsılıb. Ötən il İsraillə qarşıdurma da İranın hava məkanının həssas nöqtələrini üzə çıxarıb.

Buna baxmayaraq, Tehran danışıqlarda əsasən nüvə məsələsinə fokuslanır və regiondakı güc balansının əvvəlki kimi qaldığını düşünür. Analitiklər bunu təhlükəli yanlış hesablama adlandırır. Vaşinqtonda isə hesab edirlər ki, İran yaxın aylarda elə güzəştlərə getməsə ki, Tramp bunu siyasi qələbə kimi təqdim edə bilsin, məhdud, lakin güclü zərbə ehtimalı artacaq.

Lakin risk böyükdür: Tehran "idarə olunan eskalasiya" qaydalarından kənara çıxaraq ABŞ obyektlərinə hücum edə və ya mühüm dəniz yollarını bağlaya bilər. Ekspertlərin fikrincə, tərəflər hazırda "dar dəhliz"də hərəkət edir və səhv siqnal bütün regionu nəzarətdən çıxan müharibəyə sürükləyə bilər.

Link kopyalandı!
Son xəbərlər