HƏMAS tamamilə tərksilah edilməlidir.
Moderator.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Vaşinqtonda Sülh Şurasının ilk iclasında bildirib.
Gideon Saar deyib ki, Qəzza ilə bağlı əvvəlki planların hamısı uğursuz oldu, çünki onlar əsas problemləri — terroru, nifrəti, təhriki və ideoloji zəhərlənməni aradan qaldırmadı: “Prezident Trampın hərtərəfli planının mərkəzində Hamas və İslam Cihadının tərksilah edilməsi, Qəzza zolağının hərbsizləşdirilməsi və oradakı Fələstin cəmiyyətinin radikallıqdan uzaqlaşdırılması dayanır. Bu, problemin köklərinə yönələn ilk plandır. Biz onu dəstəkləyirik və uğuru üçün çalışırıq və çalışacağıq. HƏMAS tamamilə tərksilah edilməlidir. Bu, onun bütün silahlarının, terror infrastrukturunun, yeraltı tunel şəbəkəsinin və silah istehsalı obyektlərinin ləğvini əhatə etməlidir. Planın da qeyd etdiyi kimi, əsaslı radikallıqdan uzaqlaşdırma prosesi həyata keçirilməlidir. Təhsil və dini müəssisələrdə fələstinli uşaqlara yəhudilərə qarşı nifrət və zorakılıq aşılayan infrastruktur artıq mövcud olmamalıdır. Bütün bunlar təkcə israillilər üçün deyil, həm də Qəzza əhalisi üçün vacibdir. Qəzza xalqı onilliklərdir terror rejimi altında yaşayır və onlar bu terrorçulardan azad edilməlidir”.