"Biz Ukraynanın yanındayıq və azad Rusiya üçün mübarizə aparırıq..."
Rusiyalı şahmatçı və müxalif siyasətçi Harri Kasparov Vilnüsdə keçirilən Azad Rusiya Forumundakı çıxışında bəyan edib ki, Rusiyanın gələcəyi Rusiyanın özündə deyil, Ukraynada həll olunur.
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.
Kasparov bəyan edib ki, tammiqyaslı işğalın ilk günündən biz sadə bir həqiqətdən çıxış etmişik: Ukraynanın qələbəsi Rusiyanın azadlıq şansıdır. Məhz bu ardıcıllıqla. "Gözəl gələcəyin Rusiyası" konsepsiyasının məntiqi ilə biz bacardığımızı edirik. Gücümüzü şişirtmirik, amma nəyə qadir olduğumuzu dəqiq bilirik. Biz yerimizi bilirik.
Bu müharibədə bizim yerimiz Ukraynanın yanındadır
Bu gün bu müharibədə bizim yerimiz Ukraynanın yanındadır. O Ukraynanın ki, təkcə öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmir. O, bütün Avropanı və bütövlükdə azad dünyanı qoruyur. Ukrayna tiraniyanın hücumuna qarşı azad dünyanın qalxanıdır.
Bu, mahiyyət etibarilə əsas döyüşdür - tiraniya ilə azadlıq arasında əbədi mübarizə. Biz seçimimizi etmişik. Biz olmalı olduğumuz yerdəyik və keçdiyimiz yolla yenidən fəxr edə bilərik. Bu gün keçirilən Azad Rusiya Forumu da bunun növbəti sübutudur.
Aramızda Ukrayna tərəfində döyüşənlər də var. Kömək edənlər də var. Çünki bu gün başqa vəzifə yoxdur. Bu, kompromisin mümkün olduğu müharibə deyil. Burada heç-heçə olmur. Burada yalnız bir məqsəd var - qələbə.
"Yalnız qələbə"
Bunu 1940-cı ildə Uinston Çörçill də deyirdi: məqsədimiz - qiymətindən, qarşıda bizi gözləyən terror və dəhşətlərdən asılı olmayaraq qələbədir. Yalnız qələbə. Mən əminəm ki, Zbiqniev Bjezinskinin proqnozu da gerçəkləşəcək: Ukraynasız Rusiya imperiyası mövcud ola bilməz. İmperiya mövcud olduqca isə Rusiyada demokratiya mümkün deyil.
Biz Ukrayna ilə birlikdəyik - qalib gəlməli və dünyanı bu hücumdan xilas etməli olan ölkə ilə. Və biz azad Rusiya tərəfdarıyıq -hələlik yalnız təsəvvürümüzdə yaşayan, amma Ukraynanın qələbəsindən sonra mütləq gerçəkliyə çevriləcək Rusiya tərəfdarıyıq.
Kasparovdan NATO və Aİ-yə sərt tənqid
Kasparov bundan öncə Qərbin, xüsusilə NATO və Avropa İttifaqının Moskvanın təcavüzünə qarşı uzun illər göstərdiyi passiv mövqeyi sərt şəkildə tənqid edib. Onun fikrincə, yarımçıq sanksiyalar, qeyri-müəyyən təhlükəsizlik zəmanətləri və diplomatik güzəştlər Kremlə zəiflik siqnalı verib və bu, bugünkü genişmiqyaslı müharibənin zəminini yaradıb.
Kasparov xüsusilə 2008-ci il Gürcüstan müharibəsi və 2014-cü ildə Krımın ilhaqı sonrası daha qətiyyətli və prinsipial mövqe sərgilənməsinin vacibliyini vurğulayıb. O hesab edir ki, kompromis və yumşaq bəyanatlar yalnız tiraniyanı cəsarətləndirir, azadlıq və təhlükəsizlik isə yalnız qətiyyətli hərbi-siyasi dəstək vasitəsilə təmin oluna bilər. Kasparovun arqumentinə görə, Ukraynaya tam və davamlı dəstək həm ölkənin, həm də bütün Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.