"Alimlərin yeni araşdırması seçimlərimizin şəxsiyyətimizlə əlaqəsini üzə çıxarıb..."
Yeni beynəlxalq araşdırma göstərir ki, insanın seçdiyi şərab təkcə dad zövqü haqqında deyil, həm də onun xarakteri barədə mühüm ipucları verir.
Moderator.az xəbər verir ki, bu barədə "dailymail.com" nəşri yazıb.
Məsələn, ucuz çəhrayı "Zinfandel" sevənlərlə bahalı Argentina "Malbek"inə üstünlük verənlər arasındakı fərq yalnız qiymət və dad məsələsi deyil - bu, həm də şəxsiyyət xüsusiyyətləri ilə bağlı ola bilər.
Tədqiqat Pekin Pedaqoji Universiteti və Honq Konq Baptist Universitetinin alimləri tərəfindən aparılıb. Onlar böyük onlayn mağazadakı təxminən 10 min şərab rəyini analiz ediblər. Süni intellekt vasitəsilə rəy müəlliflərinin şəxsiyyət xüsusiyyətləri müəyyən edilib və bu göstəricilər alınan şərabların alkoqol dərəcəsi ilə müqayisə olunub.
Güclü şərab - açıq və ünsiyyətcil xarakter?
Nəticələr göstərib ki, yüksək səviyyədə xeyirxahlıq və açıqfikirlilik nümayiş etdirən insanlar daha çox alkoqollu şərablara üstünlük verirlər. Buraya "Kaberne Sovinyon", "Malbek", "Portveyn" və ya "Xeres" kimi növlər daxildir. Belə şərablar adətən daha keyfiyyətli, zəngin dad və ətirə malik hesab olunur.
Araşdırma müəllifləri "Journal of Personality" jurnalında qeyd edirlər ki, "şəxsiyyət xüsusiyyətləri şərab seçiminə əhəmiyyətli təsir göstərir". Onların fikrincə, yüksək açıqfikirliliyə malik insanlar daha dərin və mürəkkəb dad təcrübəsi axtarırlar. Xeyirxah və sosial baxımdan həssas şəxslər isə güclü şərabları cəmiyyətdəki nüfuz amilinə görə seçə bilərlər.
Digər tərəfdən, ekstrovertlər və nevrotiklik səviyyəsi yüksək olan şəxslər daha yüngül şərablara - "Sovinyon Blan", "Pino Nuar" və ya "Prosekko"ya üstünlük verirlər. Alimlər hesab edir ki, bu seçim sosial mühitdə daha uzun müddət aktiv qalmağa və alkoqol qəbulunu nəzarətdə saxlamağa kömək edə bilər.
Maraqlıdır ki, vicdanlılıq göstəricisi ilə şərabın alkoqol dərəcəsi arasında ciddi əlaqə aşkarlanmayıb. Belə insanlar həm sağlamlığa diqqət yetirir, həm də keyfiyyətli məhsullara üstünlük verirlər.
Praktiki nəticələr və düzgün dequstasiya qaydası
Tədqiqatçılar hesab edir ki, əldə olunan nəticələr onlayn mağazalar və marketoloqlar üçün yeni imkanlar açır. Psixoqrafik seqmentasiya əsasında fərdi tövsiyə sistemləri qurmaq, seçim zamanı yaranan "yorğunluğu" azaltmaq mümkündür.
Şərabın düzgün dadılması (dequstasiyası)
Avstraliyalı somelye Keytlin Ris bir neçə əsas məsləhət verir:
- Şərabın görünüşünü - şəffaflıq, rəng və intensivliyini qiymətləndirmək.
- Sonra adədə yüngülcə fırladaraq aromatların açılmasına imkan yaratmaq.
- Ətri dərindən hiss etmək - bu, həm dad çalarlarını müəyyənləşdirməyə, həm də mümkün qüsurları anlamağa kömək edir.
- Kiçik qurtumlarla dadmaq və mayenin dilin arxa hissəsində yayılmasına imkan vermək.
- Şəraitdən asılı olaraq udmaq və ya tüpürmək.
Düzgün dequstasiya şərabın çoxqatlılığını anlamağa və şəxsi zövqləri daha dəqiq müəyyənləşdirməyə kömək edir.
Mütəxəssislər həmçinin xatırladır ki, gündə bir badə şərab ilk baxışda zərərsiz görünsə də, burada əsas amil müntəzəmlikdir. Miqdar qədər davamlılıq da sağlamlıq baxımından mühüm rol oynayır.