ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus ağır hərbi-nəqliyyat təyyarələri Yaxın Şərq bazalarına fəal şəkildə yük daşımağa davam edir.
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Flightradar24" və "ADS-B Exchange" aviasiya resursları məlumat yayıb.
Son iki gün ərzində "C-17A Globemaster III" və "C-5 Galaxy" təyyarələri 30-dan çox reys həyata keçirib, əsasən Texas ştatından - Patriot və THAAD sistemləri ilə təchiz olunmuş ordu birləşmələrinin və hava hücumundan müdafiə (HHM) bölmələrinin yerləşdiyi aerodromlardan havaya qalxıblar.
ABŞ-nin "KC-135 Stratotanker" və "KC-46 Pegasus" yanacaqdolduran təyyarələri əlavə döyüş aviasiyası qruplarının ABŞ ərazisindən və Avropa bazalarından köçürülməsinə dəstək məqsədilə 30-dan çox reys həyata keçirib.
"Axios" portalının məlumatına görə, regiona, həmçinin 50-dən çox "F-35", "F-22" və "F-16" qırıcısı göndərilib, bu da Yaxın Şərq bazalarında ABŞ döyüş təyyarələrinin ümumi sayını 114-ə çatdırıb. Ekspertlər qeyd ediblər ki, qruplaşmanın gücləndirilməsi İrana qarşı mümkün hərbi əməliyyatla bağlıdır.