"Texnologiyalar, sanksiyalar və Avropanın təhlükəsizliyi gündəmdədir..."
Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən 14-cü Azad Rusiya Forumunda Ukrayna müharibəsinin gedişi, onun texnoloji ölçüsü və sanksiyaların təsiri geniş müzakirə olunub.
Moderator.az xəbər verir ki, bu barədə "dw.сom" nəşri yazıb.
Ukrayna Ali Radasının deputatı Oleq Dunda bildirib ki, dördüncü ildir davam edən müharibəyə baxmayaraq, ukraynalıların təxminən 60 faizi qələbəyə qədər döyüşməyə hazırdır. Onun sözlərinə görə, müharibənin taleyini artıq canlı qüvvə deyil, texnologiyalar, xüsusilə dron və pilotsuz sistemlər həll edir.
Deputat Avropanı hərbi yanaşmanı dəyişməyə, klassik silahlanma əvəzinə innovasiyalara yatırım etməyə çağırıb. Litvalı parlamentar Jiqimantas Pavilyonis isə Avropanın müdafiə xərclərini artırmaq istiqamətində dönüşə başladığını və Almaniyanın bu prosesdə rolunun vacib olduğunu vurğulayıb.
"Sabit sülh" və sanksiyalar barədə mübahisələr
Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov qeyd edib ki, Ukrayna bu gün Avropanın təhlükəsizlik laboratoriyasıdır və tərəfdaşlardan simvolik jestlər yox, konkret qərarlar gözləyir. Onun fikrincə, "sabit sülh" yalnız ərazi bütövlüyünün bərpası, məsuliyyət və kompensasiyalar fonunda mümkündür; əks halda "soyuq sülh" davamlı olmayacaq.
Enerji eksperti Mixail Krutixin isə bildirib ki, Rusiya iqtisadiyyatı ilə bağlı bir çox gözləntilər şişirdilir. Onun sözlərinə görə, sanksiyalar neft ixracını ciddi azaltmayıb və gəlirlərin azalması əsasən qlobal qiymətlərlə bağlıdır.
Ukraynalı politoloq Taras Berezovets də Rusiyada mümkün iqtisadi böhranın avtomatik siyasi dəyişiklik yaradacağına dair ümidlərin real olmadığını deyib. Forum iştirakçılarının ümumi qənaətinə görə, bu müharibə təkcə Ukrayna uğrunda deyil, Avropanın təhlükəsizlik modeli və Qərb dəyərləri uğrunda gedən daha geniş qarşıdurmadır.