Dünya
727
20:00, Bu gün

"ABŞ və Macarıstan arasında "qızıl dövr" başlayır" - Marko Rubio

"Aprel seçkiləri ərəfəsində Vaşinqton-Budapeşt yaxınlaşması  Brüsseldə narahatlıq doğurur..."

ABŞ dövlət katibi Marko Rubio Budapeştə səfəri zamanı Macarıstanın baş naziri Viktor Orbana açıq dəstək ifadə edib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Rubio iki ölkə arasında münasibətlərin "qızıl dövrə" qədəm qoyduğunu bildirib və Vaşinqtonun Orbanın liderliyində Macarıstanın uğurunda maraqlı olduğunu vurğulayıb. Rubio birgə mətbuat konfransında deyib ki, ABŞ prezidenti Donald Tramp Orbanın uğurunu ABŞ-ın uğuru kimi görür. Dövlət katibi hətta ehtiyac yaranarsa, Vaşinqtonun Budapeştə maliyyə dəstəyi göstərməyə hazır olduğunu da qeyd edib. 

Bununla yanaşı, o, ikitərəfli münasibətlərin gələcəyinin apreldə keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacağını da gizlətməyib. Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı ilə təyin olunub. Son sorğulara görə, Orbanın rəhbərlik etdiyi FİDES partiyası müxalif TISZA hərəkatından geri qalır. Səsvermənin nəticələrinin Avropada güclənən sağ və ultra-sağ siyasi qüvvələr üçün ciddi nəticələr doğura biləcəyi bildirilir.

Aİ-nin 20-ci sanksiya paketi: Budapeşt əngəl yaradır

Bu arada Macarıstanın adı Avropa İttifaqında müzakirə olunan Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı da gündəmdədir. "Politico"nun yazdığına görə, Aİ diplomatları paketi 24 fevrala - Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ildönümünə qədər təsdiqləməyə çalışırlar. Lakin Budapeşt bəzi rusiyalı idman rəsmilərinin siyahıdan çıxarılmasını tələb edir ki, bu da prosesi ləngidə bilər.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas sanksiyaların vaxtında qəbulunda israrlıdır və Böyük Britaniya ilə koordinasiyanı gücləndirməyə çalışır. Yeni paket əsasən Rusiyanın enerji gəlirlərini azaltmağa və "kölgə donanması"na qarşı tədbirləri sərtləşdirməyə yönəlib.

Beləliklə, bir tərəfdən Vaşinqton-Budapeşt xəttində "qızıl dövr" mesajları səslənir, digər tərəfdən isə Macarıstanın Aİ daxilindəki mövqeyi Brüsseldə sanksiya müzakirələrini çətinləşdirir. Aprel seçkiləri isə həm ABŞ-Macarıstan münasibətləri, həm də Avropa siyasəti üçün dönüş nöqtəsi ola bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər