"Son ay yarım ərzində beynəlxalq media və çoxsaylı ekspertlərin ABŞ-İran münasibətlərini bir qədər sadələşdirilmiş formada "vuracaq, vurmayacaq?" sualı ətrafında aramsız təhlil etdiyi bir şəraitdə İranla ABŞ arasında danışıqlar yenidən ön plana çıxıb və bu gün Cenevrədə danışıqların növbəti raundu keçirilib. Bu, o deməkdir ki, hazırkı ABŞ-İran qarşıdurması heç də düşünüldüyü kimi sadə sxemlərə sığan bir gərginlik deyil və bu tənlikdə bir çox qlobal və regional dəyişənlər önəmli təsirə malikdir. Amma orası da var ki, bu dəfə müzakirələrə qayıdış əvvəlki mərhələlərə bənzəmir".
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Bu gün danışıqlar ABŞ hərbi qüvvələrinin Fars körfəzi regionunda durmadan artırılması, ötən il İsraillə İran arasında baş vermiş müharibənin xatirəsi, Tehran rejimini sarsıdan qanlı daxili etirazlar və İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona təcili səfəri fonunda aparılır. Yəni artıq söhbət sadəcə uranı zənginləşdirmə səviyyəsi və ya sentrifuqaların sayı ilə məhdudlaşmayan, bölgədə güc balansı və Tramp Administrasiyasının müharibə və razılaşma arasında tərəddüd edən hesablamaları ilə bağlı olan bir danışıqlar səhnəsindən gedir.
Bu kontekstdə İran tərəfinin açıqlamaları diqqətlə ölçülüb-biçilmiş təsiri bağışlayır. İranın xarici işlər naziri Abbas Əraqçı on gün əvvəl Maskatda keçirilən danışıqları "yaxşı başlanğıc" kimi qiymətləndirib və vurğulayıb ki, aparılan müzakirələr yalnız nüvə məsələsinə aiddir. Əraqçı qeyd edib ki, "etimadsızlıq danışıqlar prosesində ciddi problemdir" və hər hansı irəliləyiş qarşılıqlı şübhənin aradan qaldırılmasını tələb edir. İranın mesajı aydındır: Tehran müəyyən çərçivədə nüvə proqramı barədə danışmağa hazırdır, lakin raket proqramının və ya regional siyasətinin gündəliyə daxil edilməsini məqbul saymır" , - deyə materialda bildirilib.