Biz ABŞ-la əsas prinsiplər barədə razılığa gəldik.
Moderator.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ-la dolayı nüvə danışıqlarının ikinci turundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Əraqçi diqqətə çatdırıb ki, yaxşı irəliləyiş əldə olunub, potensial razılaşma bu prinsiplər üzrə müəyyən ediləcək.
XİN rəhbərinin sözlərinə görə, lakin bu o demək deyil ki, tezliklə razılaşma əldə olunacaq: “Amma yola artıq başlamışıq. Razılaşmanın mətnini müəyyən etməyə gəldikdə isə bu iş bir qədər çətin olur”.
Nazir vurğulayıb ki, bu danışıqlarda əvvəlki raundla müqayisədə daha ciddi məsələlər müzakirə olunub, ötən dəfəyə nisbətən daha müsbət atmosfer hökm sürüb.
Əraqçi danışıqların növbəti raundu üçün vaxt təyin olunmadığını da qeyd edib.
“Qərara gəldik ki, tərəflər mətnlər üzərində çalışsın, daha sonra danışıqların üçüncü raundu təyin olunsun. Görülməli işlər barədə daha aydın təsəvvürümüz var. Elə mövzular var ki, tərəflərin bu məsələlərdə mövqelərinin bir-birinə yaxınlaşması zaman aparır. Amma bizim bir prinsipimiz var ki, hər iki tərəf də o prinsip əsasında hərəkət edir”, - İran XİN rəhbəri əlavə edib.