Bizi sosial şəbəkələrdən izləyin:
"Qəzza üzrə Sülh Şurası ayrı-ayrı hallarda BMT ilə qarşılıqlı əlaqədə olacaq".
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Mən düşünürəm ki, BMT bizə bir az kömək edə bilər. Dünyanın ən böyük liderləri Sülh Şurasına qoşulurlar və biz ayrı-ayrı hallarda BMT ilə birgə fəaliyyət göstərəcəyik", - deyə Ağ Ev lideri jurnalistlərə deyib.
Lakin Birləşmiş Ştatların rəhbəri iki təşkilatın hansı məsələlər üzrə əməkdaşlıq edəcəyini açıqlamayıb.
Daha əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib ki, təmsil olunduğu qurum fevralın 19-da Vaşinqtonda keçiriləcək Sülh Şurasının iclasında iştirak üçün dəvət almayıb. O, əlavə edib ki, BMT əsasən Yaxın Şərqdəki xüsusi koordinatorunun müavini Ramiz Ələkbərov vasitəsilə Sülh Şurası ilə öz fəaliyyətini koordinasiya etməyi planlaşdırır.
Donald Tramp yanvarın 16-da Qəzza zolağı üzrə Sülh Şurasının yaradılacağını elan edib. Şuranın yaradılması Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə birlikdə Trampın sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini açıqlayıb. Buraya, ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner də üzv ediliblər. İcraiyyə şurasının hər bir üzvü Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müəyyən bir istiqamətə rəhbərlik edəcək. Bu istiqamətlərə idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələr, bərpa, investisiyaların cəlb edilməsi, genişmiqyaslı maliyyələşdirmə və kapitalın səfərbər edilməsi də daxildir.
Yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiq edilib. Sülh Şurasının təkcə Qəzzadakı vəziyyətin sabitləşdirilməsi ilə deyil, həm də digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.