İsveçrə ərazisində sərnişin qatarı ilə bağlı xoşagəlməz hadisə yaşanıb: nəhəng qar kütləsinin hərəkəti nəticəsində qatar relsdən çıxıb və ilkin məlumatlara görə, beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
İnsident bazar ertəsi Gippenşteyn yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Qeyd edək ki, ötən həftə ərzində Alp dağlarının qərb hissəsində uçqun təhlükəsi ən yüksək səviyyədə olub.
İsveçrə dəmir yolundakı bu fövqəladə hal Alplarda insanların ölümü ilə nəticələnən bir sıra faciəli hadisələrin davamı olub. Belə ki, cümə günü Fransanın cənub-şərqində təbiət hadisəsi iki Böyük Britaniya vətəndaşının və bir fransızın həyatına son qoyub. Bazar günü isə İtaliya tərəfdən Monblan dağında qar uçqunu iki xizəkçinin ölümünə səbəb olub.
Alp Xilasetmə Xidmətinin statistikasına əsasən, fevralın 2-dən 8-dək Alpların İtaliya sektorunda 13 nəfər həlak olub ki, onlardan 10-u məhz uçqun qurbanıdır. Bu, rekord göstərici hesab olunur. Həyatını itirənlər arasında xizəkçilər, alpinistlər və sıravi turistlər var.