"Misli Premyer Liqasının XX turunda "Sabah"la qarşılaşan "Qəbələ" 1 xala layiq idi".
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas sözügedən oyundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
"Yaxşı oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" həqiqətən də çox yaxşı komandadır və onların çıxışında məşqçi əməyi aydın hiss olunur. Düşünürəm ki, bu kollektiv turnir cədvəlində daha yüksək pillələrə layiqdir. Matça istədiyimiz tempdə başlamaq və planlaşdırdıqlarımızı meydanda həyata keçirmək üçün bizə 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiə xəttini yarmaq asan deyildi. Birinci hissədə əsasən bir real qol imkanımız oldu. Fasilədən sonra müəyyən taktiki düzəlişlər etdik və xüsusilə ikinci yarının əvvəlində daha yaxşı oynadıq. Bunun nəticəsində hesabı açdıq. Hətta ikinci qolu vurmaq üçün də imkanımız vardı.
Görüşün son dəqiqələri isə bizim üçün gərgin keçdi. "Qəbələ" son 10 dəqiqədə tam heyətlə hücuma atıldı və ciddi təzyiq yaratdı. Açığı, bəlkə də bu gün bir xala layiq idilər. Qapıçımızın möhtəşəm qurtarışı komandamızı xilas etdi. Sonda 3 xalı qazanan tərəf biz olduq. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. İndi isə diqqətimizi qarşıdakı "Kəpəz"lə oyuna yönəltməliyik".
Qeyd edək ki, "Qəbələ" - "Sabah" matçı qonaq komandanın 0:1 hesablı qələbəsi ilə bitib.