"Vaşinqton yanacaq blokadası ilə adanı faktiki protektorata çevirməyə çalışır, lakin kubalılar müqavimət göstərir..."
ABŞ Kubanı öz nəzarəti altında olan protektorata çevirmək istəyir.
Moderator.az xəbər verir ki, bu barədə Xorvatiyanın "advance.com" nəşri yazıb.
ABŞ-ın təzyiqi və Kubaya gündəlik sınaqlar
Nəşr yazır ki, yanacaq blokadası adanı ciddi iqtisadi təzyiq altına alıb, Havanada benzin stansiyaları bağlanıb, avtobuslar nadir hallarda hərəkət edir, hökumət dörd günlük iş həftəsinə keçib, məktəblərdə təhsil saatlarını azaldıb.
Yerli əhali isə müqavimət göstərir: insanlar Havanada küçələrə çıxaraq fənərlər və portretlər daşıyır, uşaq hüquqlarını, xəstəxanaların işıqlandırılmasını və ölkənin ləyaqətini müdafiə edən şüarlar qaldırır.
ABŞ-ın məqsədi adanı tam nəzarət altına alaraq onu "bütün hüquqlardan məhrum edilmiş protektorat"a çevirməkdir, lakin kubalılar buna qarşı çıxaraq ABŞ hegemonluğunun məhdudiyyətlərini nümayiş etdirir.
Tarixi müqavimət və enerji böhranı
Kuba xalqı 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra xarici ticarətin 80 faizini itirib və neft idxalında böyük problemlər yaşayıb. O vaxtdan bəri dövlət xəstəxanaları, məktəbləri və qida ehtiyatlarını qorumaq üçün hər şeyi optimallaşdırmağa məcbur olub.
Hazırda isə ABŞ-ın enerji blokadası eyni sınağı təkrar gətirir: adaya gündəlik 100 min barrel neft lazımdır, lakin təchizat kəsilib. Elektrik stansiyaları, su təchizatı, əkin sahələri, vaksin və dərman istehsalı prioritet təşkil edir. Bu təcrübə Kubanı yeni bir iqtisadi və sosial adaptasiya mərhələsinə yönəldir və xalqın dözümlülüyünü sınayır.
Geosiyasi önəm və inqilabın mesajı
Kuba strateji resurslara - nikəl və kobalt yataqlarına sahibdir, bu isə ABŞ-ın və qlobal rəqiblərin diqqətini cəlb edir. Rusiya humanitar çərçivədə neft və enerji avadanlıqları göndərir, Çin isə günəş elektrik stansiyalarının qurulması və enerji şəbəkələrinin modernləşdirilməsində əməkdaşlıq edir.
Kuba xalqı bu blokadadan keçərək inqilabı qoruyub saxlayır və dünyaya mesaj verir: "Küçük xalq da imperiyaya qarşı müqavimət göstərə bilər və alternativ qurmaq gücünə sahibdir". Adanın müqaviməti yalnız 9,6 milyon kubalı üçün deyil, qlobal azadlıq və suverenlik üçün də rəmzi önəm daşıyır.