Amerika Birləşmiş Ştatlarının hərbçiləri ilk dəfə kiçik modul nüvə reaktorunun hava yolu ilə daşınmasını başa çatdırıblar. Bu hadisə ABŞ administrasiyasının ölkədə nüvə enerjisinin geniş yayılmasını və inkişafını təşviq etmək strategiyası kontekstində baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"da məqalə dərc edilib.
"Valar Atomics" şirkətinin "Ward 250" reaktoru üç "C-17" hərbi təyyarəsi ilə "March Air Reserve" bazasından "Hill Air Force" bazasına daşınıb. Modul plastik qoruyucunun içində olub, uçuş zamanı ABŞ Energetika Departamentinin və Pentaqonun rəsmiləri göyərtədə olublar.
Bu texnologiyanın tərəfdarları yeni sistemlərin təhlükəsiz olduğunu və ucqar bölgələri enerji ilə təmin edə biləcəklərini söyləyiblər. Tənqidçilər isə sınaqdan keçməyən reaktorların riskli ola biləcəyindən narahatdırlar.
Şirkət reaktoru Hill bazası yaxınlığında sınaqdan keçirəcək. Baş direktor İsaya Teylor bildirib ki, ilkin güc 250 kVt olacaq, gələcəkdə isə 5 MVt-la təxminən 5 min ev enerji ilə təmin ediləcək.