Yaponiyanın "Tokyo Electric Power" (TEPCO) şirkəti dünyanın ən böyük atom elektrik stansiyası olan "Kaşivazaki-Kariva"nın altıncı enerji blokunda elektrik ötürülməsi sınaqlarını yarım gün gecikdirmək məcburiyyətində qalıb.
Buna səbəb texniki nasazlıq olub.
Məlumata görə, reaktor korpusunun daxilindəki neytron ölçmə sistemində nasazlıq aşkarlanıb. Şirkət bəyan edib ki, problem artıq aradan qaldırılıb, stansiya üçün heç bir təhlükə yoxdur və ətraf mühitə radiasiya sızması qeydə alınmayıb.
Qeyd edək ki, TEPCO fevralın 9-da Niiqata prefekturasında yerləşən stansiyanın 6-cı enerji blokunu bu il artıq ikinci dəfə işə salıb. Bundan əvvəl yanvarın 21-də reaktor işə salınsa da, iki gün sonra idarəetmə çubuqlarının çıxarılması zamanı təhlükəsizlik sistemi xəta verdiyi üçün proses dayandırılmışdı.
Yaranan gecikmələrə görə reaktorun tam kommersiya istismarına martın 18-də başlanması planlaşdırılır. Bu isə ilkin nəzərdə tutulan qrafikdən üç həftə gecdir.
Yaponiyanın Nüvə Enerjisi İdarəsi də təsdiqləyib ki, "Kaşivazaki-Kariva"dakı nasazlıqlar stansiyanın ümumi təhlükəsizliyinə hədə törətmir, ərazidə radiasiya səviyyəsinin dəyişməsi müşahidə olunmayıb.
(teleqraf)