Dünya
513
21:40, Bu gün

"Epşteyn sionizmin məhsuludur" - Braziliyalı sosioloq

"Qalmaqallı bəyanat, ittihamlar və geri addım..."
 
Braziliyalı sosioloq, professor Jesse Souza sosial şəbəkədə yaydığı qalmaqallı videoda maliyyəçi Ceffri Epsteyn barədə antisemit məzmunlu iddialar səsləndirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə ölkənin ən nüfuzlu qəzetlərindən biri olan "O Estado de S. Paulo" məlumat verib. Məlumatı "vesty.co" nəşri yayıb.
 
Qeyd edilir ki, video sonradan silinsə də, geniş rezonans doğurub. Souza paylaşımında Epşteynin guya "yəhudi lobbisi" tərəfindən maliyyələşdirildiyini və onun "sionizmin ideal məhsulu" olduğunu iddia edib. Bu ittihamlar heç bir faktla əsaslandırılmayıb və dərhal sərt tənqidlə qarşılanıb.
 
Faktlar və sui-istifadə olunan mövzu
 
Ceffri Epşteyn 2008-ci ildə azyaşlıların cinsi istismarı ilə bağlı ittiham olunub, 2019-cu ildə isə insan alveri və azyaşlıların cinsi istismarı məqsədilə şəbəkə qurmaqda ittiham edilərək yenidən həbs edilib. O, həmin il Nyu-Yorkda saxlanıldığı həbsxanada müəmmalı şəraitdə ölü tapılıb. Rəsmi versiyaya görə, bu intihar idi, lakin hadisə çoxsaylı sui-qəsd nəzəriyyələrinə yol açıb.
 
Epşteyn işi ABŞ və beynəlxalq siyasət dairələrində geniş rezonans doğurub. Onun yüksək vəzifəli siyasətçilər, iş adamları və ictimai fiqurlarla əlaqələri araşdırılıb, o cümlədən İsrailin sabiq baş naziri Ehud Barak ilə təmasları mediada müzakirə olunub. Lakin indiyədək Epşteynin hər hansı "sionist layihə"nin tərkib hissəsi olması ilə bağlı etibarlı sübut təqdim edilməyib.
 
Souzanın açıqlamaları Braziliya Yəhudi Konfederasiyası tərəfindən kəskin pislənib. Təşkilat bildirib ki, akademik statusdan istifadə edərək nifrət ritorikasının yayılması qəbuledilməzdir. Məsələ ölkənin "CNN Brasil" telekanalı tərəfindən də işıqlandırılıb.
 
Üzr və davam edən mübahisə
 
Təzyiqlərdən sonra Souza videonu silərək üzr istədiyini açıqlayıb. O, ayrı-ayrı şəxsləri və ya konkret icmanı hədəf almadığını, yalnız "hakimiyyət strukturu"ndan danışdığını iddia edib. Bununla belə, o, sionizmi "irqçi və insan əleyhinə ideologiya" adlandırmaqdan geri çəkilməyib və bəyan edib ki, sadəcə "sionist lobbi" ilə "yəhudi lobbi" anlayışlarını fərqləndirməməkdə səhv edib.
 
Çıxışının sonunda Souza Yaxın Şərqdəki vəziyyətə toxunaraq iki ildir davam edən "Fələstin xalqının soyqırımı" qarşısında "mütləq sükut"dan qəzəbli olduğunu bildirib. Beləliklə, Epşteyn işi ətrafında yaranmış qalmaqal bir daha göstərir ki, real cinayət faktları və hüquqi proseslər tez-tez siyasi və ideoloji mübarizənin alətinə çevrilir. Braziliyada isə bu hadisə akademik mühitdə məsuliyyət və ictimai ritorikanın sərhədləri barədə ciddi müzakirələrə yol açıb.
Link kopyalandı!
Son xəbərlər