Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyayə rəsmi səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan 16 fevralda BƏƏ Prezidenti və Əbu-Dabi əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək. Danışıqlar zamanı Türkiyə ilə BƏƏ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.
Prezident Ərdoğan səfərinin növbəti mərhələsində 17 fevralda Əddis-Əbəbədə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə bir araya gələcək. Görüş çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri nəzərdən keçiriləcək.
Səfərlər zamanı danışıqları yekunlaşmış müxtəlif müqavilə və sənədlərin imzalanması da nəzərdə tutulur.