İspaniya Belçikada baş tutmuş qeyri-rəsmi Avropa İttifaqı (Aİ) sammitindən əvvəl bir neçə qitə lideri üçün hoteldə ilkin görüşün keçirilməsi ilə bağlı İtaliyaya qarşı narazılığını bildirib. Madrid bu formatı ümumavropa prinsiplərinə xələl gətirmək kimi qiymətləndirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Onda Cero" radiostansiyası rəsmilərə istinadən məlumat yayıb.
İspaniya hesab edir ki, Almaniya və Belçika ilə birgə təşkil olunan bu görüş Aİ-nin əsas prinsiplərini sarsıdır. Məqalədə vurğulanır ki, Baş nazir Pedro Sançes hökuməti rəsmi forumlardan kənar təşəbbüslərin 27 üzv ölkə arasında ittifaqı gücləndirmədiyini bildirib.
Qeyd olunur ki, fevralın 12-də keçirilən qeyri-rəsmi sammitdə ittifaqın sənaye və strateji mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda vahid bazarın dərinləşdirilməsi və Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.