Portuqaliyada baş verən genişmiqyaslı daşqınlar nəticəsində azı 16 nəfər ölüb. Koimbra bölgəsinin üç mindən çox sakini Mondeqo çayında suyun səviyyəsinin həddindən artıq çoxalması səbəbindən evlərini tərk edib.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, ölkənin mərkəzi və cənub bölgələrində pis hava şəraiti təxminən 33 min sakini elektriksiz qoyub. Mondeqo bəndinin dağılmasından sonra avtomobil yolunun bir hissəsinin dağılması ölkədəki vəziyyəti daha da çətinləşdirib.
Qeyd edək ki, fəlakət ölkədə siyasi proseslərə də təsir edib. Portuqaliyanın daxili işlər naziri Mariya Lusiya Amaral vəzifəsini icra etmək üçün lazımi şəraitin olmadığını bildirərək istefa verib. Hökumət ekstremal hadisələrə hazırlıqsız olmaqda günahlandırılır.
Məlumata görə, pis hava şəraiti qonşu İspaniyadan da yan keçməyib. Meteoroloji xidmətlər doqquz metrə qədər hündürlükdə dalğalar səbəbindən şimal sahilləri üçün narıncı və qırmızı xəbərdarlıq elan ediblər.
Kataloniyada fırtına səbəbindən 34 nəfər xəstəxanaya yerləşdirilib. Yerli qurumlar vətəndaşları səfərlərdən çəkinməyə və təhlükəsiz yerlərdə qalmağa çağırıb.