Fevralın 10-da Türkiyənin Ordu vilayətinin Ünye rayonunda çimərlikdə Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Moderator.az "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Sözügedən PUA xarici görünüşünə görə Rusiyada "Geran-2" kimi tanınan "Şahid" tipli kamikadze dronuna bənzəyir. Növbəti gün hadisə yerinə SAS xüsusi təyinatlı qrupu göndərilib. Qurumun məlumatına görə, PUA-nın tərkibində partlayıcı maddə olmayıb. Dron araşdırılması üçün Ünye polisinə təhvil verilib.
Bu növ insidentlər ötən ilin dekabrından etibarən tezləşib. Dekabrın 15-də Türkiyə hərbçiləri ölkənin hava məkanında, Qara dəniz üzərində "F-16" qırıcısı ilə naməlum pilotsuz aparatı vurublar. Müdafiə Nazirliyinin məlumatına görə, dronun idarəetmədən çıxdığı ehtimal edilir. Onun hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.
Dekabrın 19-da Türkiyə Daxili İşlər Nazirliyi "Orlan-10" tipli PUA-nın İstanbul yaxınlığındakı Kocaeli vilayətində qəzaya uğradığını bildirib.
Növbəti gün daha bir PUA Balıkesir vilayətində açıq sahədə tapılıb.