Dünya
271
18:50, Bu gün

"Quterrişin Tehrana məktubu beynəlxalq qalmaqal yaradıb" - İsrail mətbuatı

"Bu, standart prosedurdur və hökumətin siyasətinin dəstəklənməsi demək deyil..."

BMT-nin baş katibi Antonio Quterriş İran İslam Respublikasının Milli Günü - 1979-cu il İslam İnqilabının ildönümü münasibətilə Tehrana təbrik məktubu ünvanlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri məlumat yayıb.

Baş katib məktubunda İran xalqına ən səmimi təbriklərini çatdıraraq, milli bayramların ölkələrin inkişaf yoluna, beynəlxalq ictimaiyyətə töhfəsinə və gələcək ideallarına nəzər salmaq üçün mühüm fürsət olduğunu bildirib. Quterriş qeyd edib ki, bu cür günlər həm də qlobal çağırışlar qarşısında dialoq və həmrəyliyin vacibliyini xatırladır.

Baş katib müasir dünyada müharibələrin dayandırılması, yeni münaqişələrin qarşısının alınması, iqlim böhranı ilə mübarizə, bərabərsizliyin azaldılması və güclü texnologiyaların məsuliyyətli idarə olunmasını beynəlxalq ictimaiyyət üçün təxirəsalınmaz və ciddi vəzifələr kimi xarakterizə edib. Onun sözlərinə görə, bu problemlərin həlli üçün çoxtərəfli əməkdaşlığa sadiqlik və qarşılıqlı fəaliyyətin yenilənməsi vacibdir.

Sərt reaksiya və ittihamlar

Lakin bu məktub beynəlxalq səviyyədə kəskin tənqidlərə səbəb olub. Xüsusilə iranlı müxalif fəallar və hüquq müdafiəçiləri Quterreşin addımını "uyğunsuz" və "mənəvi səhv" kimi qiymətləndiriblər. Onların fikrincə, edamlar, repressiyalar və sistemli təzyiqlərlə müşayiət olunan bir rejimə rəsmi təbrik ünvanlamaq BMT-nin nüfuzuna zərbə vurur.

İran üzrə analitik Bənövşə Zand bildirib ki, belə jestlər "BMT-yə olan etimadı sarsıdır və azadlıq uğrunda mübarizə aparan iranlıların ağrısını daha da artırır". Milli Demokratiya İttifaqının (NUFDI) siyasi məsələlər üzrə direktoru Endryu Qalili isə qeyd edib ki, bu cür məktub faktiki olaraq repressiv sistemə legitimlik qazandırır. Onun sözlərinə görə, "repressiyalar və edamlar üzərində qurulmuş bir rejimi təbrik etmək, baş verən qanlı hadisələrə göz yummaq deməkdir".

Bəzi ictimai fiqurlar da məsələ ilə bağlı sərt mövqe sərgiləyib. Onlar İran hakimiyyətini Yaxın Şərqdə silahlı qrupların dəstəklənməsində və ölkə daxilində etirazların amansız şəkildə yatırılmasında ittiham edərək, BMT rəhbərinin jestini istehza ilə qarşılayıb.

"Bu, standart prosedurdur"

BMT isə yaranmış qalmaqala cavab olaraq bildirib ki, söhbət xüsusi siyasi mesajdan yox, illərdir tətbiq olunan standart protokoldan gedir. Baş katibin sözçüsü Stefan Düjarrik açıqlamasında qeyd edib ki, hər il bütün üzv dövlətlərə milli bayramları münasibətilə eyni məzmunlu təbrik məktubu göndərilir və bu, hər hansı hökumətin siyasətinin təsdiqi kimi qəbul edilməməlidir.

Onun sözlərinə görə, həmin gün oxşar məktublar digər ölkələrə də ünvanlanıb. İranın xarici işlər nazirinin BMT İnsan Hüquqları Şurasında mümkün çıxışı ilə bağlı yayılan xəbərlərə toxunan Düjarrik əlavə edib ki, bu məsələ Şuranın səlahiyyətindədir və hər bir üzv dövlətin onun platformasında çıxış etmək hüququ var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər