"Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının fevralın 19-da keçirləcək iclasında iştirak etməyəcək".
Moderator.az xəbər verir ki, bu barədə "Vedomosti" nəşrinə V.Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml rəsmisi bildirib ki, bu iclas dövlət başçısının iş qrafikində yer almayıb.
Qeyd edək ki, Vaşinqtondan oxşar dəvət Belarus lideri Aleksandr Lukaşenkoya da ünvanlanıb. Belarus prezidentinin mətbuat katibi qeyd edib ki, ABŞ-yə səfər imkanları nəzərdən keçirilsə də, iclasın keçiriləcəyi tarix prezidentin qrafikindəki digər tədbirlərlə üst-üstə düşüb.
Xatırladaq ki, Sülh Şurası konsepsiyasının müəllifi Donald Trampdır. Bu yeni birliyin təsis sənədi yanvarın 22-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri tərəfindən imzalanıb. İştirakçılar sırasında ABŞ, Ermənistan, Azərbaycan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Macarıstan da yer alıb. ABŞ prezidenti bu strukturu özünün "böyük irsi" kimi xarakterizə edərək, qlobal miqyasda sülhə nail olmaq niyyətini açıqlayıb.