"Moskvanın əsas hədəfi Ukraynanı öz təsir dairəsinə qaytarmaqdır..."
Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarından taktiki alət kimi istifadə edir və öz əsas hədəfindən əl çəkməyib.
Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.
Estoniya xarici kəşfiyyatının hesabatına istinadən qeyd edilir ki, Moskvanın uzunmüddətli məqsədləri dəyişməz qalır və son dövrlər sülh ritorikasının aktivləşməsi vaxt qazanmağa hesablanmış addım ola bilər.
Polşa prezidentinin xarici siyasət üzrə müşaviri Marçin Pşidaç hesab edir ki, Rusiya "xoş niyyətli danışıqlara hazır deyil" və onun strateji xətti tarixi olaraq ərazilərin genişləndirilməsinə yönəlib. Estoniya kəşfiyyatı da vurğulayır ki, Kremlin əsas məqsədi Ukraynanı tabe etdirmək və gələcəkdə təsir dairəsini genişləndirməkdir.
Eyni zamanda qeyd olunur ki, Moskva Vaşinqtonla münasibətləri bərpa etməyə çalışır. Tammiqyaslı diplomatik və iqtisadi əlaqələrin yenidən qurulması, sanksiyaların yumşaldılması və iqtisadi təzyiqlərin azalması Kreml üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə enerji gəlirlərinin azalması fonunda daxili iqtisadi gərginliyin artdığı bildirilir.
"Donetskdən geri çəkilmək böyük səhv olar"
ABŞ-ın sabiq xüsusi nümayəndəsi, general-leytenant Kit Kelloq isə mümkün ərazi güzəştlərinə qarşı çıxıb. Onun sözlərinə görə, Donetsk vilayətinin təhvil verilməsi Ukrayna üçün strateji səhv olardı və bu, müharibəni dayandırmaz.
Kelloq hesab edir ki, Avropa ölkələri öz kollektiv gücünü yetərincə qiymətləndirmir. Onun fikrincə, Avropa birləşərsə, Rusiyanın hesablamalarına ciddi təsir göstərə biləcək güclü blok formalaşa bilər. General həmçinin münaqişənin həlledici mərhələyə yaxınlaşdığını və Ukraynanın qışı adlatdıqdan sonra üstünlüyün dəyişə biləcəyini bildirib.
"Ərazi güzəşti müharibəni bitirməyəcək"
Ukrayna Ali Radasının deputatı Roman Kostenko da oxşar mövqe sərgiləyib. O bildirib ki, ərazilərin verilməsi müharibəni dayandırmayacaq, çünki Rusiyanın məqsədləri daha genişdir. Onun sözlərinə görə, Moskva bilərəkdən yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür və strateji planları təkcə Donbasla məhdudlaşmır.
Kostenko vurğulayıb ki, real dayandırıcı amil yalnız Rusiyanın hərbi potensialının zəiflədilməsi və maksimum zərərin vurulması ola bilər. Deputat hesab edir ki, hazırkı şərtlərdə danışıqlar Ukrayna üçün əlverişli deyil və vəziyyətin dəyişməsi üçün zaman amili mühüm rol oynaya bilər.