Dünya
388
20:57, Bu gün

"Alternativ qorxuncdur: Avropanın yeni hegemonu onu kökündən dağıda bilər" - "Foreign Affairs"

"Almaniyanın hərbi yüksəlişi Avropanı birləşdirə də, parçalaya da bilər..."

Avropa İttifaqı təhlükəli tarixi döngəyə daxil olur. Almaniyanın sürətlə artan hərbi gücü bir tərəfdən Rusiyadan gələn təhlükəyə cavab kimi təqdim edilsə də, digər tərəfdən qitə daxilində yeni parçalanma və rəqabət riskini artırır. 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Foreign Affairs" nəşri yazıb.

Nəşr xatırladır ki, hələ XX əsrdə fransız generalı Ferdinand Foş və Böyük Britaniyanın baş naziri Marqaret Tetçer Almaniyanın yenidən hərbi gücə çevrilməsinin Avropa üçün təhlükəli olacağı barədə xəbərdarlıq ediblər.

Almaniya yenidən hərbi nəhəngə çevrilir

2022-ci ildə elan edilən "Zeitenwende", yəni təhlükəsizlikdə "dönüş nöqtəsi" artıq real nəticələr verir. Almaniya 2025-ci ildən etibarən Avropada müdafiəyə ən çox vəsait ayıran ölkədir, hərbi büdcəsi isə dünyada dördüncü yeri tutur. 2029-cu ilə qədər bu xərclərin illik 189 milyard dollara çatacağı gözlənilir. Berlin hətta zərurət yaranarsa, məcburi hərbi xidmətə qayıtma ehtimalını da istisna etmir. Bu temp davam edərsə, Almaniya 2030-dan əvvəl Avropanın əsas hərbi gücünə çevrilə bilər.

Avropa cəmiyyətində bu prosesə münasibət birmənalı deyil. Bir çox ölkələr Almaniyanın güclənməsini Rusiyaya qarşı zəruri sipər kimi görsə də, xüsusilə Fransa və Polşada tarixi qorxular yenidən baş qaldırır. ABŞ-ın Avropadan tədricən geri çəkildiyi şəraitdə Berlinin dominant mövqeyi qitədə köhnə rəqabət instinktlərini dirçəldə bilər.

Etimad böhranı və daxili parçalanma riski

"Foreign Affairs" vurğulayır ki, problem təkcə Almaniyanın güclənməsi deyil, bu gücün hansı çərçivədə istifadə olunacağıdır. Berlin müdafiə xərclərinin böyük hissəsini milli hərbi-sənaye kompleksinə yönəldir, bu isə ümumavropa müdafiə layihələrini zəiflədir. Daha kasıb ölkələr Almaniyanın maliyyə imkanları ilə ayaqlaşa bilmir və bu da Avropa İttifaqı daxilində narazılığı artırır.

Nəşr xəbərdarlıq edir: əgər Almaniyanın hərbi gücü institusional şəkildə, yəni dərin Avropa inteqrasiyası vasitəsilə "əridilməzsə", qitə yenidən balanslaşdırma siyasətinə qayıda bilər. Bu halda Fransa, Polşa və digər ölkələr Almaniyanı cilovlamaq üçün ayrı-ayrı koalisiyalar quracaq, nəticədə Avropanın vahid müdafiə qabiliyyəti zəifləyəcək.

"Almaniya üçün Alternativ" ssenarisi - ən qorxulu ehtimal

Ən təhlükəli variant isə Almaniyada ultrasağçı "Almaniya üçün Alternativ" üçün (AfD) partiyasının hakimiyyətə gəlməsidir. Nəşrə görə, AfD açıq şəkildə Aİ və NATO-ya skeptik yanaşır, Rusiyaya qarşı sanksiyalara və Ukraynaya yardıma qarşı çıxır. Belə bir Almaniya hərbi gücünü ümumavropa təhlükəsizliyi üçün deyil, milli təzyiq alətinə çevirə bilər.

Bu ssenari Avropada dərin etimad böhranına, yeni bloklaşmalara və qitənin geosiyasi cəhətdən zəifləməsinə yol aça bilər. "Foreign Affairs"-in yekun qənaətinə görə, Almaniyanın güclənməsi qaçılmazdır, lakin bu güc yalnız daha dərin Avropa hərbi-siyasi inteqrasiyası ilə məhdudlaşdırılarsa, qitə üçün sabitlik mənbəyinə çevrilə bilər. Əks halda, belə alternativ - parçalanmış, bir-birinə şübhə ilə baxan və böyük güclərin oyun meydanına çevrilmiş Avropa həqiqətən də qorxuncdur.

Link kopyalandı!
Son xəbərlər