Dünya
337
09 Feb 2026 | 21:50

"Epşteyn qalmaqalı Britaniyada siyasi zəlzələ yaradır" - "Bloomberg"

"Mandelson təyinatı Kir Starmeri istefa həddinə gətirib..."

Böyük Britaniyada siyasi böhran dərinləşir. Baş nazir Kir Starmerin gələcəyi sual altındadır və bu, ABŞ-də Britaniyanın səfiri təyin edilən Piter Mandelson ətrafında yaranan qalmaqalla birbaşa bağlıdır.

Moderator.az xəbər verir ki, bu barədə  "bloomberg.com" nəşri yazıb.

Nəşr yazır ki, Mandelsonun mərhum maliyyəçi və pedofil qalmaqalının əsas fiquru olan Ceffri Epşteynlə əlaqələrinin Leyborist Partiyası daxilində ciddi narazılıq yaradıb.

Starmer üçün "50-nin 50-yə" ssenarisi

Böhran baş nazirin aparat rəhbəri Morqan Maksvinin istefası ilə daha da kəskinləşib. Maksvin Mandelsonun Vaşinqtona səfir təyin edilməsini tövsiyə etdiyinə görə "tam məsuliyyəti" üzərinə götürdüyünü bildirib. Buna baxmayaraq, partiya daxilində əsas sual açıq qalır: təyinatı təsdiqləyən baş nazir niyə postdadır? Nəşrin mənbələrinə görə, bəzi nazirlər Starmerdən könüllü istefa tələb etməyi və hətta kollektiv gedişi müzakirə edirlər. Bir nazir köməkçisi onun daha bir həftə postda qalma ehtimalını "50-nin 50-yə" kimi dəyərləndirib.

Epşteyn dosyesi və siyasi risk

Qalmaqalın mərkəzində Mandelsonun illər əvvəl nazir olarkən Epşteynə məxfi məlumatlar ötürə biləcəyi iddiaları dayanır. Parlamentdə Leyborist deputatlar hökuməti bu təyinatla bağlı minlərlə səhifəlik sənədi açıqlamağa məcbur ediblər. Bu materialların Starmer üçün ciddi siyasi risk yaratdığı bildirilir.

Mümkün varislər

Leyboristlər artıq Starmerdən sonrakı mərhələni açıq müzakirə edirlər. Anjela Reyner, Ed Milibend, Ues Stritinq və İvett Kuperlə yanaşı, daxili işlər naziri Şabana Mahmudun adı da ön plana çıxır. O, baş nazir olacağı halda Britaniya tarixində ilk müsəlman hökumət başçısı olacaq. Mahmudun sərt miqrasiya siyasəti - daimi yaşayış icazəsini "imtiyaz" adlandırması və bu yolu 5 ildən 10 ilə uzatma təklifi, partiya rəhbərliyinə görə sağ-populist "Reform UK"-ya qarşı mühüm üstünlük sayılır.

Starmer qalacaqmı?

Fevralın 26-da keçiriləcək əlavə seçkilər və mayda yerli seçkilər Starmer üçün həlledici olacaq. Sorğular Leyboristlərin mövqelərinin zəiflədiyini göstərir. Nəşrin qənaətinə görə, Starmer ya seçkilərə qədər "axsaq ördək" statusunda qalacaq, ya da artan daxili təzyiq fonunda postunu tərk edəcək. Mandelson-Epşteyn dosyesi isə artıq Britaniya siyasətində mümkün hakimiyyət dəyişikliyinin əsas simvollarından birinə çevrilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər