"Qərb Sahilində atılan addımlar qanunsuz ilhaq və təhlükəli eskalasiyadır..."
Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Türkiyə və daha bir sıra ərəb və müsəlman ölkələri İsrailin İudeya-Samariyada (Qərb Sahili) nəzarəti gücləndirən qərarlarını kəskin şəkildə pisləyiblər.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
Birgə bəyanatda bu addımlar "qanunsuz suverenliyin yayılması", yaşayış məntəqələrinin genişləndirilməsi və "işğal olunmuş ərazilərdə yeni reallığın zorla tətbiqi" kimi xarakterizə olunub.
Xarici işlər nazirləri vurğulayıblar ki, İsrailin bu siyasəti "qanunsuz ilhaq prosesini sürətləndirir", fələstinlilərin sıxışdırılmasına gətirib çıxarır və regionu yeni zorakılıq dalğasına sürükləyir.
Bəyanatda qeyd olunur ki, İsrailin işğal olunmuş Fələstin əraziləri üzərində heç bir hüquqi suverenliyi yoxdur və bu addımlar BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsi də daxil olmaqla beynəlxalq hüquqa ziddir.
İsrail kabinetinin qərarları nələri dəyişir?
İsrailin hərbi-siyasi kabineti İudeya-Samariyada torpaq və daşınmaz əmlakla bağlı məhdudiyyətləri faktiki olaraq aradan qaldıran qərarlar qəbul edib. Torpaq reyestrləri üzərindəki məxfilik rejimi ləğv olunur, alqı-satqı üçün icazə tələbi aradan qaldırılır və yəhudilərin ərazilərdə mülk əldə etməsi xeyli asanlaşdırılır.
Bu dəyişikliklərin yəhudi yaşayış məntəqələrinin genişlənməsinə yol açacağı bildirilir. Eyni zamanda, Xevrondakı yəhudi məskəni və "Ata-babalar mağarası" ilə bağlı tikinti səlahiyyətləri fələstinlilərin nəzarətində olan bələdiyyədən İsrail tərəfinə keçirilir. Bu isə 1997-ci il Xevron razılaşmasının faktiki olaraq pozulması kimi dəyərləndirilir.
Fələstin tərəfinin mövqeyi
Fələstin administrasiyası bu qərarları "misli görünməmiş eskalasiya" adlandıraraq, onların Fələstin xalqının milli və tarixi hüquqlarına birbaşa təhlükə yaratdığını bəyan edib. FƏTH hərəkatının nümayəndələri isə fələstinliləri İsrailin siyasətinə qarşı birləşməyə çağırıblar.
Birgə bəyanatı imzalayan ölkələr beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə və "iki dövlətli həll" prinsipinə əsaslanan sülh prosesinin qorunmasına çağırıblar. Onların fikrincə, "ədalətli və davamlı sülhün yeganə yolu fələstinlilərin öz müqəddəratını təyin etməsi və müstəqil dövlət qurmasıdır".