Dünya
237
19:05, Bu gün

"Rusiya strategiyanı dəyişir: cəbhədə dronlar, arxada enerji savaşı" - "The Wall Street Journal"

"Ukrayna eyni vaxtda həm ön xətdə, həm də arxa cəbhədə ciddi təzyiqlə üz-üzədir..."

Rusiya ordusu cəbhədə taktikasını yeniləyərək diqqəti 20-80 kilometr məsafədə yerləşən ukraynalı dron operatorlarına və logistika obyektlərinə yönəldib. Bu yanaşma rus qüvvələrinə yavaş, lakin davamlı irəliləmək imkanı verir.

Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.

Cəbhədə fokus dəyişir: dron operatorları və təchizat xətləri

Nəşr qeyd edir ki, Ukraynanın mövcud strategiyası əsasən rus piyadasına maksimum itki verməyə hesablanıb. Lakin cəbhədəki bir çox ukraynalı hərbçi və zabit Rusiyanın arxa cəbhəyə sistemli zərbələr taktikasına uyğunlaşmağın vacibliyini vurğulayır.

Zaporojye istiqamətində döyüşən 225-ci hücum alayının komandiri mayor Oleq Şiryayevin sözlərinə görə, rus təzyiqinə qarşı daha effektiv müqavimət üçün dron operatorları və bölük-tabor səviyyəli komanda məntəqələri daha dərindən hədəfə alınmalıdır.

Avstriyalı analitik Frans-Ştefan Qadi isə bildirir ki, Rusiya Ukraynanın dron logistikasını müdafiə sisteminin "ağırlıq mərkəzi" kimi görür. Onun sözlərinə görə, Ukraynanın güclü dron pilotları var, lakin arxa cəbhəyə zərbələr hələ də parçalı xarakter daşıyır və 30-190 kilometr məsafədə hədəfləri vura bilən vasitələr çatışmır.

Zaporojye cəbhəsi: təzyiq artır, irəliləyiş yoxdur

Nəşr yazır ki, Zaporojye vilayətində rus ordusunun həlledici yarma əldə edə bilməməsinin səbəbləri açıqdır: açıq ərazilər, Ukrayna dronlarının sıx fəaliyyəti, xəndəklər, tikanlı məftillər və "əjdaha dişləri". Buna baxmayaraq, rus bölmələri kiçik qruplarla mövqelərdən yan keçərək arxa xəttə sızmağa çalışır. Şıryayevin bölmələri müdafidə yaranan boşluqları bağlayır.

Eyni zamanda, Donetsk istiqamətində daha çox qüvvə saxlanılması cənub cəbhəsində resurs çatışmazlığı yaradır. Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya yolları və təchizat marşrutlarını sistemli şəkildə vuraraq hərəkəti "qorxulu" hala gətirməyə çalışır.

Arxa cəbhədə soyuq və qaranlıq

CNN yazır ki, Rusiyanın enerji infrastrukturuna davamlı zərbələri nəticəsində Kiyevdə əhali gündə cəmi 1,5-2 saat elektrik enerjisi alır, mənzillərdə temperatur isə  müabət 3 dərəcəyədək düşür. Paytaxt meri Vitali Kliçko qarşıdakı günlərin xüsusilə ağır olacağını bildirərək, vəziyyəti "son dərəcə mürəkkəb" adlandırıb. Energetika Nazirliyinin məlumatına görə, vəziyyət hələlik stabilləşməyib.

Minlərlə bina istiliksiz qalıb, bəzi ərazilərdə təmirin iki aya qədər uzana biləcəyi bildirilir. Prezident Vladimir Zelenski son bir həftədə Rusiyanın 2000-dən çox dron, 1200 aviabomba və 116 raket istifadə etdiyini açıqlayıb. "Ukrenerqo" isə ciddi güc çatışmazlığı səbəbindən fövqəladə elektrik kəsintilərinin hələlik davam edəcəyini bildirib.

Vahid strategiya, iki cəbhə

Bütün bunlar onu göstərir ki, Rusiya vahid strategiya ilə iki paralel cəbhədə hərəkət edir: ön xətdə dronlar və logistika üzərindən hərbi təzyiq, arxa cəbhədə isə enerji infrastrukturu vasitəsilə mülki əhaliyə yönəlmiş psixoloji zərbə. Məqsəd Ukraynanı həm hərbi, həm də sosial baxımdan tükəndirməkdir.

Link kopyalandı!
Son xəbərlər