2026-cı il Qış Olimpiya Oyunlarında medal qazanan idmançılar medalların keyfiyyətsiz olduğundan şikayətlənirlər.
Moderator.az xəbər verir ki, medallar İtaliya Milli Zərbxana və Çap İnstitutu tərəfindən istehsal edilən tullantılardan əldə olunan təkrar emal edilmiş metaldan hazırlanır. Onlar Olimpiya halqaları ilə birləşdirilmiş iki yarıdır. Dizaynerlər iki şəhərin - Milan və Kortina d'Ampezzonun birliyini, eləcə də Olimpiya və Paralimpiya dəyərlərinin birləşməsini vurğulamaq istəyiblər.
İsveçli xizəkçi Ebba Anderssonun qazandığı gümüş medal sınıb:
"Mən Frida Karlssonun (skiatlon qalibi - red.) arxasınca qaçırdım və qaçış zamanı medalım qarda düşdü və üç hissəyə parçalandı. İndi ümid edirəm ki, təşkilatçıların qırılmış medallar üçün ehtiyat planı var", - deyə xizəkçi hadisə ilə bağlı SVT televiziyasına danışıb.
İdmançılar daha sonra Olimpiya medallarının keyfiyyətsizliyində başqa bir qüsur aşkar ediblər - kövrək lentlər. Bu hadisə isə komanda fiqurlu konkisürmə yarışında qalib gələn amerikalı Alisa Liu və qarışıq estafet yarışında Almaniya komandasının tərkibində bürünc medal qazanan biatlonçu Yustus Ştrelovun başına gəlib.
Fiqurlu konkisürən idmançının lentinin qırılmasının səbəbi məlum deyil, idmançı zarafatla - "mənim medalımın lentə ehtiyacı yoxdur", - deyib.
Ştrelov komanda yoldaşları ilə birlikdə medalını bayram edərkən o yerə düşüb. Sevincli idmançıların görüntülərini yayımlayan Almaniya Xizək Assosiasiyası hadisəni - "Ey, təşkilatçılar, bu medallarda nə problem var?" - sözləri ilə şərh edib.
Olimpiya Oyunlarında dağ xizəyi yarışında qalib gələn amerikalı dağ xizəkçisi Brizi Conson mətbuat konfransında medalına zərər dəydiyindən şikayətlənib. Conson qələbəsindən sonra sevincdən tullanarkən medalın bərkidicisinin qırılması səbəbindən lentdən düşdüyünü bildirib.
"Həqiqətən ağırdır. Gözlədiyimdən daha ağırdır", - deyə xizəkçi qeyd edib.