Ukrayna lideri Volodimir Zelenski ölkəsinin ordusunda döyüşən əcnəbilərə müvəqqəti yaşayış icazəsi almağa icazə verən qanun imzalayıb.
Moderator.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd Ali Radanın rəsmi saytında dərc edilib.
Qanun əcnəbi hərbi qulluqçulara müqavilənin bütün müddəti və bundan sonrakı dövrdə müvəqqəti yaşayış icazəsini, həmçinin onlara, xüsusən də tibbi yardım sahəsində müəyyən sosial təminatların verilməsini nəzərdə tutur.
Ötən ilin iyulunda Zelenski çoxsaylı vətəndaşlığı leqallaşdıran qanun imzalayıb və bu qərar yanvarda qüvvəyə minib.
Ukrayna hakimiyyəti bildirir ki, təşəbbüs ölkə vətəndaşlığının alınması və ləğvi üçün əsaslar və prosedurlarla bağlı qanunvericilik müddəalarını yeniləməyi hədəfləyir. Bu, həm xaricdə yaşayan ukraynalılara, həm də Ukrayna ordusunda döyüşən əcnəbilərə və onların ailə üzvlərinə aiddir. Əcnəbi döyüşçülər hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrində cəmi bir illik müqaviləli xidmətdən sonra vətəndaşlıq üçün müraciət edə bilərlər.