ABŞ Afrikada mədən sənayesi üzrə kütləvi müqavilələr bağlamağa qərarlıdır.
Amerika Birləşmiş Ştatları sənayedə Çinlə rəqabət aparmaq üçün Konqo Demokratik Respublikası (KDR) və digər Afrika ölkələrindəki şirkətlərlə əvvəlcədən hasilat və ya "off-take" anlaşmaları imzalayır.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ekspertlərə istinadən məlumat yayıb.
"Vaşinqton yerli mədənləri birbaşa idarə etmək əvəzinə maliyyə imkanlarından yararlanır. ABŞ Konqo misini amerikalı alıcılara ötürməklə KDR-də mədənlərin istismarının siyasi və əməliyyat risklərindən yayınır", - deyə "Control Risks" analitik şirkətinin eksperti Vinsent Rocer agentliyə bildirib.
ABŞ əsasən Zambiya, Qvineya və KDR-də mineral hasilatına diqqət yetirir. Pekindən fərqli olaraq, Vaşinqton işçilərini Afrikaya göndərmir və mədənləri birbaşa idarə etmir, bunun əvəzinə yerli şirkətlərlə müqavilələr bağlayır. Nümunə olaraq, KDR-də 3 000 kvadrat kilometrdən çox mis və litium yataqlarına sahib, lakin bürokratiya səbəbindən orada mədənçilik etməyən ABŞ şirkəti "KoBold Metals" göstərilir.
Buna baxmayaraq, Çin şirkətləri KDR-dəki ən böyük mis və kobalt yataqlarının bir çoxuna nəzarət edir. Ölkə dünyada kobaltın aparıcı təchizatçısıdır və Çin şirkətləri yataqlarda birbaşa fəaliyyət göstərərək bazara ABŞ-dan daha sürətlə daxil olur.