İran İslam Şurası Məclisi (parlament) fevralın 9-da keçiriləcək iclasında ABŞ ilə İranın nüvə proqramı üzrə aparılan danışıqların birinci raundunun nəticələrini müzakirə edəcək.
Moderator.az "IRNA" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədr müavini Abbas Müqtədai məlumat verib.
Deputat bildirib ki, müzakirələr qapalı formatda baş tutacaq:
"Sabah Məclis qapalı iclasda İran İslam Respublikası ilə Birləşmiş Ştatlar arasındakı danışıqların gedişatını nəzərdən keçirəcək. Çox güman ki, iclasda İranın xarici işlər naziri Abbas Əraqçi də iştirak edəcək".
Xatırladaq ki, Tehranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə İran və ABŞ arasındakı danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilib.