Dünya
755
15:25, Bu gün

"Epşteyn işi yenidən açılır: "Mossad" kölgəsi və siyasi şantaj iddiaları" - "Anadolu Ajansı"

"Yeni sənədlər, "Mossad" iddiaları və antisemit sui-qəsd nəzəriyələrinin yüksəlişi..."

Son günlər ABŞ-da "Epşteyn işi" ilə bağlı  dərc olunan yeni sənədlər maliyyəçi və seksual cinayətlərdə ittiham olunan Ceffri Epşteynin fəaliyyəti ətrafında müzakirələri yenidən alovlandırıb. 

Moderator.az xəbər verir ki, bu barədə "aa.com.tr" agentliyi məlumat yayıb.

Sənədlər nə deyir və iddialar haradan qaynaqlanır?

Sənədlərdə yer alan bəzi ifadələr və şahid iddiaları Epşteynin İsrailin "Mossad" kəşfiyyatı ilə mümkün əlaqələri mövzusunu gündəmə gətirib. ABŞ Federal Təhqiqat Bürosunun (FBI) 2020-ci ilin oktyabrına aid hesabatında anonim informatorun ifadəsinə istinadən Epşteynin təkcə ABŞ deyil, müttəfiq ölkələrin də kəşfiyyat strukturları ilə əlaqədə ola biləcəyi iddia olunur. 

Həmin informator Harvard Universitetinin hüquq professoru Alan Derşovitsin Epşteynlə təmaslarından, eləcə də bu mövzuda Florida ştatının keçmiş prokuroru Aleks Akosteyə məlumat verildiyini bildirib. Sənədlərdə Epşteynin İsrailin sabiq baş naziri Ehud Barakla yazışmaları da yer alır.

2018-ci ilin dekabrına aid bir məktubda Epşteyn Baraka belə yazırdı: "Xahiş edirəm açıq şəkildə de ki, mən "Mossad" üçün işləmirəm". Daha əvvəlki başqa bir məktubda isə "Mossad"ın keçmiş agentləri ilə bağlı araşdırmalardan bəhs edilirdi. Bu yazışmalar iddiaları daha da qızışdırıb.

Netanyahunun mövqeyi və siyasi kontekst

İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamaları müzakirələrə yeni istiqamət verib. O, Epşteynin Ehud Barakla yaxın münasibətlərinin İsrail üçün işlədiyinə dəlalət etmədiyini, əksinə, bunun tam əksini sübut etdiyini bildirib.

Netanyahunun sözlərinə görə, Barak uzun illərdir şəxsi siyasi ambisiyaları naminə İsrail hökumətini zəiflətməyə çalışıb, sol radikal dairələrlə əməkdaşlıq edib və kütləvi etirazların təşviqində rol oynayıb. Baş nazir vurğulayıb ki, "Barak İsrail demək deyil" və onun Epşteynlə münasibətləri dövlət siyasəti kimi təqdim edilə bilməz.

Bu mövqeyə baxmayaraq, sənədlərin dərc edilmə vaxtı sosial şəbəkələrdə müxtəlif şərhlərə səbəb olub. Bəzi istifadəçilər bunu ABŞ-ın İrana qarşı siyasəti və Donald Tramp üzərində mümkün siyasi təzyiq cəhdləri ilə əlaqələndiriblər. Radikal şərhlərdə Epşteyn dosyesinin "siyasi şantaj aləti" kimi istifadə edildiyi iddia olunur.

Antisemit sui-qəsd nəzəriyələri və təhlükəli nəticələr

Yeni sənədlər eyni zamanda antisemit sui-qəsd nəzəriyələrinin sürətlə yayılmasına da zəmin yaradıb. "Yəhudi Teleqraf Agentliyi"nin yazdığına görə, sənədlərdə İsraillə bağlı adların çoxluğu fanatik qruplar tərəfindən manipulyasiya edilir.

Bəzi tanınmış şəxslər Epşteyni "İsrail üçün işləyən satanist pedofillər şəbəkəsinin üzvü" kimi təqdim edən iddialar irəli sürüblər. Bu cür fikirlər yəhudi icmalarını hədəf alan təhlükəli ritorikanı gücləndirib.

Antisemitizm üzrə araşdırma aparan yazıçı Mayk Rotşild qeyd edir ki, Epşteyn arxivlərinin həcmi və filtrasiya olunmaması yanlış yozumlar üçün əlverişli zəmin yaradır. "Nexus Project" təşkilatı isə xəbərdarlıq edərək bildirib: "Epşteyn sənədləri realdır, amma onların yaratdığı antisemitizm də realdır və bu təhlükə yetərincə ciddiyə alınmır".

Epşteyn işi: rəsmi mövqe

Xatırladaq ki, Ceffri Epşteyn 18 yaşdan aşağı onlarla qıza qarşı seksual zorakılıq və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten həbsxanasında ölü tapılıb. Rəsmi versiyaya görə, Epşteyn kamerada intihar edib.

FBI və ABŞ Ədliyyə Nazirliyi araşdırmalar nəticəsində məşhur şəxslərdən ibarət "müştəri siyahısı"nın mövcudluğuna dair sübut tapılmadığını bildirib. Buna baxmayaraq, Epşteyn işi ətrafındakı suallar, iddialar və şübhələr hələ də beynəlxalq müzakirələrin mərkəzində qalır.

Link kopyalandı!
Son xəbərlər