Dünya
586
14:45, Bu gün

"ABŞ-İran danışıqları: diplomatiya ilə müharibə ehtimalı arasında təhlükəli balans" - "Vesty" (İsrail)

"Omanda aparılan dolayı danışıqlar fonunda Vaşinqton-Tehran xəttində gərginlik azalmaq əvəzinə daha mürəkkəb mərhələyə daxil olur..."

Fevralın 6-da Omanın paytaxtı Maskatda ABŞ və İran arasında iki raunddan ibarət dolayı danışıqlar başa çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.

Nüvə mövzusu və etimad axtarışı

İran tərəfinin açıqlamasına görə, müzakirələr yalnız nüvə proqramı ilə məhdudlaşıb, digər mövzular gündəmə gətirilməyib. İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, tərəflərin mövqeləri qarşılıqlı şəkildə ötürülüb və bu mərhələ "yaxşı başlanğıc" kimi qiymətləndirilir.

Araqçının sözlərinə görə, hazırda tərəflər "etimadın formalaşdırılması mərhələsindədir" və danışıqlar müsbət atmosferdə keçib. O, yaxın günlərdə növbəti raundun tarix və yerinin müəyyənləşdiriləcəyini də istisna etməyib.

Omanın xarici işlər naziri Bədr əl-Busaidi isə vasitəçi kimi çıxış edərək bildirib ki, danışıqlar tərəflərin mövqelərini aydınlaşdırmaq baxımından faydalı olub və nəticələr həm Tehranda, həm də Vaşinqtonda diqqətlə təhlil ediləcək.

Danışıqların əsas məğzi uranın zənginləşdirilməsi səviyyəsi və bu prosesin gələcək çərçivəsi ilə bağlıdır. İran açıq şəkildə vurğulayır ki, uranı öz ərazisində zənginləşdirmək onun "qırmızı xətti"dir və bu hüquqdan geri çəkilməyəcək. Eyni zamanda Tehran sanksiyaların ləğvini danışıqların əsas şərti kimi önə çıxarır.

ABŞ nümayəndə heyətində admiralın iştirakı narazılıq doğurur

İran tərəfinin narazılığına səbəb olan əsas məqamlardan biri ABŞ nümayəndə heyətində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin iştirakı olub. İranlı diplomatların fikrincə, hərbi fiqurun danışıqlarda görünməsi prosesi təhdid altına sala bilər və bu, dialoqun "təzyiq altında" aparıldığına dair siqnal verir.

"Reuters" və regional media mənbələrinin yazdığına görə, Tehran belə bir eskalasiyanın əks-effekt yaradacağı və strateji itkilərə yol aça biləcəyi barədə xəbərdarlıq edib. İran mövqeyini açıq şəkildə ifadə edir: hərbi təzyiq altında strateji məsələlərdə güzəşt olmayacaq.

Bu fonda İsraildə də hərbi hazırlıq mövzusu gündəmdədir. İsrail mənbələrinə görə, mümkün ssenarilər, xüsusilə ABŞ-ın İrana zərbə endirməsi halı artıq operativ planlar səviyyəsində müzakirə olunur. Həm İsraildə, həm də bir sıra ABŞ mənbələrində Tehranla real razılaşma ehtimalı aşağı qiymətləndirilir, lakin danışıqların müəyyən "müsbət dinamika" yarada biləcəyi istisna edilmir.

"Razılaşma, ya müharibə"

Məhz bu gərgin fonda Yaxın Şərq üzrə mütəxəssis, "New Lines" Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Yelizaveta Tsurkova diqqətçəkən açıqlamalarla çıxış edib. Onun sözlərinə görə, Donald Trampa yaxın olan insanlar ABŞ prezidentinin sonda İrana qarşı hərbi əməliyyat qərarı verəcəyinə əmindirlər. Tsurkova bildirib: "Prezidentlə şəxsən tanış olan insanlar mənə deyirdilər ki, onlar əmindirlər - prezident Tramp İrana hücum edəcək".

Onun fikrincə, İranın təklif edə biləcəyi maksimum kompromis Vaşinqtonun gözləntilərindən xeyli aşağıdır. O hesab edir ki, İsraillə son qarşıdurmalar İranın xarici cəbhədə real imkanlarının məhdud olduğunu göstərib, lakin ölkə daxilində rejim sərt və amansız davranışını davam etdirir.

Link kopyalandı!
Son xəbərlər