Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes Bolivar Respublikasının Milli Assambleyasının (parlament) müzakirəsində olan ümumi amnistiya haqqında qanuna dəstəyini ifadə edib.
Moderator.az-ın məlumatına görə, Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.
"Mən Milli Assambleya tərəfindən amnistiya haqqında qanunun birinci oxunuşda yekdilliklə təsdiqlənməsini alqışlayıram", - deyən Rodriqes bu qanunun Venesuelada sülhə və barışığa xidmət etməli olduğunu vurğulayıb.
O qeyd edib ki, ədalət demokratik birgəyaşayışın təməl daşına çevrilməlidir. Rodriqes Venesuela xalqının ən ağır çətinliklərin öhdəsindən gəldiyini və məğlubedilməz qaldığını bildirərək azad və müstəqil Venesuelada birliyi qorumağa çağırıb.