Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Vladimir Alekseyevə sui-qəsdin icraçısı BƏƏ-də saxlanılıb və Rusiyaya təhvil verilib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Birləşmiş Ərəb Əmirliyindən olan tərəfdaşların yardımı ilə Dubay şəhərində cinayətin birbaşa icraçısı olan 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Korba Lyubomir saxlanılıb və Rusiya tərəfinə təhvil verilib", - deyə məlumatda vurğulanır.
Məlumatda həmçinin qeyd olunub ki, Rusiya Daxili İşlər Nazirliyi ilə birgə bu cinayətdə əlbir olanlar da müəyyən edilib: Moskvada saxlanılan 1959-cu il təvəllüdlü Vasin Viktor və Ukraynaya qaçmış 1971-ci il təvəllüdlü Serebritskaya Zinaida.
Xatırladaq ki, fevralın 6-da Rusiyanın paytaxtı Moskva şəhərində ölkənin Müdafiə Nazirliyinin generalı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. Naməlum şəxs Moskvanın Volokolamskoye şosesində yerləşən yaşayış binasında ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.