"Peyk rabitəsinin itirilməsi, koordinasiya böhranı və hücumların kəskin azalması..."
Rusiya ordusunun Ukrayna ərazisində istifadə etdiyi "Starlink" peyk internet terminalları deaktiv edilib. Bu, "SpaceX" şirkətinin tətbiq etdiyi "ağ siyahı" mexanizmi nəticəsində baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
"Ağ siyahı"ya yalnız Ukrayna tərəfinin rəsmi şəkildə istifadə etdiyi terminallar daxil edilib və nəticədə Rusiya bölmələrinin əlindəki cihazlar fəaliyyətini dayandırıb. İlon Mask 1 fevralda "X" platformasında bildirib ki, "Rusiyanın "Starlink"-dən icazəsiz istifadəsinin qarşısını almaq üçün atılan addımlar nəticə verdi". Bir neçə gün sonra Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov Ukrayna terminallarının bir hissəsinin yenidən aktivləşdirildiyini açıqlayıb.
Rabitə itkisi və texniki məhdudiyyətlər
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, "ağ siyahı" gündəlik yenilənir. Eyni zamanda "Starlink"-in işlədiyi maksimal hərəkət sürəti də məhdudlaşdırılıb. Əgər əvvəllər Rusiya ordusu terminalları uzaqmənzilli PUA-lara quraşdırırdısa, indi 75-90 km/saat sürətdən sonra sistem fəaliyyətini dayandırır. Bu məhdudiyyət Ukrayna tərəfinə də şamil olunur, lakin rəsmi qeydiyyat problemi minimuma endirib.
Hərbi analitik Yan Matveyevin sözlərinə görə, "Starlink" Rusiya ordusu üçün kritik əhəmiyyət daşıyırdı: dronlardan görüntü ötürülməsi, qərargahlarla real vaxt əlaqəsi və bölmələrarası koordinasiya əsasən bu sistem üzərindən həyata keçirilirdi.
Rusiyadan reaksiya: "axilles dabanı"
"Starlink"-in deaktiv edilməsindən sonra Rusiyaya yaxın hərbi "Telegram" kanallarında cəbhədə ciddi rabitə problemləri açıq şəkildə etiraf olunmağa başlayıb. AFP bildirir ki, Rusiya ordusuna yaxın azı doqquz bloger əlaqənin itdiyini təsdiqləyib. "Komsomolskaya Pravda"nın hərbi müxbiri Aleksandr Kots sistemi Rusiya ordusunun "axilles dabanı" adlandırıb.
"The Moscow Times" isə "Z-blogerlər"in paylaşımlarına istinadən yazır ki, bölmələrin təxminən 90 faizində rabitə problemləri yaşanır. Rəsmi dairələr alternativlərdən danışsa da, onların zəifliyi faktiki olaraq etiraf olunur. Matveyev vurğulayır ki, Rusiya peyk sistemləri həm azdır, həm də keyfiyyət baxımından "Starlink"-dən xeyli geri qalır. Radioəlaqə isə radioelektron mübarizə səbəbindən effektiv alternativ sayılmır.
Ukrayna tərəfi və nəticələr
Rusiya təbliğatı dəyişikliklərin Ukrayna ordusuna da təsir etdiyini iddia etsə də, Kiyev vəziyyəti nəzarət altına alıb. "SpaceX"-dən Ukraynanın rəsmi qurumları ilə əlaqəsi olmayan terminalların bloklanması xahiş edilib. Bu, bəzi bölmələrdə müvəqqəti problemlər yaratsa da, Fyodorovun müşaviri Sergey Beskrestnovun sözlərinə görə, məsələ operativ şəkildə həll olunur.
Onun fikrincə, Ukrayna üçün bu "problem"dirsə, Rusiya üçün artıq "fəlakət"dir: "Bir çox sahədə qoşunların idarə olunması dayanıb, hücumlar zəifləyib".
"Azadlıq Radiosu" və "Ukrainska Pravda"nın məlumatına görə, "Starlink" bloklandıqdan sonra Rusiya ordusunun hücumlarının sayı kəskin azalıb. 2-4 fevralda 110-147 döyüş təması qeydə alındığı halda, 5-6 fevralda bu rəqəm 56-62-yə düşüb.
Alternativ yoxdur və perspektiv
Birləşmiş Qüvvələrin sözçüsü Viktor Trequbov bildirir ki, Rusiya ordusunun hazırda "Starlink"-ə real alternativi yoxdur. Çin variantı hələ hazır deyil, yerli sistemlər isə yetərsizdir. Bu səbəbdən Rusiya ordusunun əsas taktikası - PUA-ların dəstəyi ilə kiçik hücum qruplarının irəliləməsi ciddi şəkildə məhdudlaşıb.
Ekspertlər hesab edir ki, Rusiya ordusu yaxın dövrdə 2022-ci ilin sonu - 2023-cü ilin əvvəllərindəki rabitə problemlərinə geri qayıda bilər. Bu isə zəif koordinasiya, artan itkilər və hücumların effektivliyinin azalması deməkdir. Ümumilikdə, "Starlink"-in Rusiya üçün bağlanması cəbhədə balansı Ukraynanın xeyrinə dəyişən mühüm texnoloji amil kimi qiymətləndirilir.