Dünya
391
12:40, Bu gün

"Rusiya Ukraynaya qarşı yeni hücumlara hazırlaşır" - ISW

"Kreml müharibəni güc yolu ilə bitirməyə çalışır, lakin resurs məhdudiyyətləri planları sual altına alır..."

Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlar fonunda cəbhədəki mövcud vəziyyət Rusiyanın Ukraynaya qarşı eyni vaxtda bir neçə istiqamətdə yeni hücum əməliyyatlarına hazırlaşdığını göstərir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir.

Analitiklərin fikrincə, Kreml müharibənin başa çatdırılmasında siyasi deyil, məhz hərbi ssenariyə üstünlük verir. ISW bildirir ki, Rusiya yay aylarında Ukraynanın cənubunda və Donbas bölgəsində genişmiqyaslı hücum əməliyyatları başlatmağı planlaşdırır. 

Bu məqsədlə Kreml 2025-ci ildən formalaşdırılan strateji ehtiyatları döyüşlərə cəlb etməyə hazırlaşır. Analitiklərin qənaətinə görə, bu yanaşma Rusiyanın müharibəni bitirmək niyyətində olmadığını açıq şəkildə ortaya qoyur.

Strateji ehtiyatlar və real imkanlar

Bununla yanaşı, ISW diqqətə çatdırır ki, Moskvanın iddialı planlarına baxmayaraq, Rusiya ciddi məhdudiyyətlərlə üzləşir. Analitiklərin qiymətləndirməsinə əsasən, mövcud ehtiyatlar qarşıya qoyulan hərbi məqsədlərə çatmaq üçün kifayət etməyə bilər.

Hesabatında vurğulanır ki, Rusiya ordusu canlı qüvvə itkilərini davamlı şəkildə kompensasiya etməkdə çətinlik çəkir. Bu isə uzunmüddətli və intensiv hücum əməliyyatları aparmaq potensialını əhəmiyyətli dərəcədə azaldır. Analitiklərin fikrincə, məhz bu amil Kreml planlarının reallaşmasını risk altına salır.

Mümkün hücum istiqamətləri və vaxt çərçivəsi

ISW öz icmalında hərbi ekspert Konstantin Maşovetsin proqnozuna da istinad edir. Onun fikrincə, Rusiyanın yeni genişmiqyaslı hücumu artıq aprel ayında başlaya və əsasən Slavyansk-Kramatorsk və ya Orexov-Zaporojye istiqamətlərində cəmləşə bilər.

Lakin analitiklər bu ssenarinin uğurla nəticələnəcəyinə şübhə ilə yanaşır. Onların fikrincə, hazırda Rusiya qoşunları bu istiqamətlərdə taktiki səviyyədə ilişib qalıb və ciddi irəliləyiş əldə edə bilmir. Bu da Moskvanın elan etdiyi müddətlərdə geniş hücum planlarını həyata keçirmək qabiliyyətini sual altına alır.

Müharibə fonunda son məlumatlar

Fevralın 7-də Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib ki, Rusiya bu il pilotsuz sistemlər üzrə qoşunların sayını 79 min nəfər artırmağı planlaşdırır. Ümumilikdə, Rusiya pilotsuz aparatlarla işləyən hərbi personalın sayını 165 min nəfərə çatdırmaq niyyətindədir.

Bundan əlavə, Rusiya ordusu pilotsuz uçuş aparatlarına qarşı istifadə edilən dron-tutucuları silahlanmaya qəbul edib və onların istehsalını genişləndirir. Eyni zamanda, döyüş şəraitində reaktiv tipli "Geran-4" və "Geran-5" dronları sınaqdan keçirilir.

Link kopyalandı!
Son xəbərlər