Dünya
411
07 Feb 2026 | 22:50

"Epşteynin qapalı klubu: Qərb elitasının iç üzü"

"Epşteyn işi"nin yeni faylları" güc, pul və istismarın qlobal şəbəkəsini üzə çıxarır..."

Yeni açıqlanan "Epşteyn faylları" Qərb elitasının ən qapalı və toxunulmaz dairələrinin necə formalaşdığını göstərir. Sənədlər sübut edir ki, Ceffri Epşteyn sadəcə cinayətkar deyil, hakimiyyət, maliyyə və seks üzərindən qurulmuş bir sistemin mərkəzi fiquru olub.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "derspiegel.com" nəşri yazıb.

ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi milyonlarla sənəd - elektron məktublar, bank çıxarışları, foto və videolar Epşteynin ətrafında toplaşan siyasətçiləri, milyardçıları, texnoloji maqnatları və mədəniyyət ikonlarını ifşa edir. Bu materiallar sanki qlobal elitanın həyatına açılan gizli bir açar dəliyidir.

"Mən şeytan deyiləm": Epşteynin son etirafları

Sənədlər arasında Epşteynin video-müsahibəsi də var. Orada o, sakit və soyuqqanlı şəkildə deyir: "Pulumu özüm qazanmışam. Etika məsələsi isə həmişə mürəkkəbdir". Müsahibəni aparan şəxs Donald Trampın keçmiş müşaviri Stiv Bennon olub. Bennon Epşteyn üçün imicini "bərpa edəcək" sənədli film planlaşdırırmış. Bu film heç vaxt çəkilmədi: Epşteyn 2019-cu ildə həbsxana kamerasında ölü tapıldı. Rəsmi versiya "intihar"dır.

"Epşteyn sinfi": Qanunların işləmədiyi dairə

Amerikalı bir konqresmen bu çevrəni "Epşteyn sinfi" - öz qaydaları olan, qanunun kənarında yaşayan bir elit təbəqə adlandırır. Bu sinifdə olanlar arasında Peter Til - Epşteynlə görüşləri Karib adalarında planlaşdıran texnoloji milyardçı, Tomas Pritzker - Əfqanıstanda döyüş zonasına "ad günü hədiyyəsi" kimi getmək istəyən oliqarx,  Bill Qeyts - Epşteynlə münasibətləri sonradan boşanmanın səbəblərindən biri kimi göstərilən milyardçı, İlon Mask - sənədlərə görə, Epşteynin adasında "ən çılğın məclisin" nə vaxt olacağını soruşan iş adamı da var. Bu insanların bir çoxu sonradan "heç nə bilmirdik" deyir. Sənədlər isə əksini göstərir.

Qapalı cəmiyyət, açıq istismar

Epşteyn təkcə seks cinayətləri ilə deyil, insayder məlumatlarının, siyasi təsirin və əlaqələrin alveri ilə məşğul olub. O, "Google"-un qurucularına vergi məsələlərində "məsləhət" verib, keçmiş dövlət başçılarını və nazirləri korporativ idarə heyətlərinə yerləşdirib, məşhurları, alimləri, siyasətçiləri eyni şəbəkədə birləşdirib. Bu dünya üçün müharibələr, "Brexit", maliyyə böhranları sadəcə investisiya fürsətləri idi.

Hakimiyyət susur, parlament şübhələnir

"Der Spiegel" yazır ki, ABŞ hakimiyyəti yeni faktlara baxmayaraq, əlavə istintaq aparmaq istəmir. Ədliyyə Nazirliyi bildirir ki, Epşteyn işi "bağlanıb". Bu isə Konqresdə narazılıq doğurur. Xüsusilə Donald Trampın adı sənədlərdə minlərlə dəfə çəkilsə də, onunla bağlı ittihamların araşdırılmaması diqqət çəkir. Tramp özü isə açıqlama verərək bildirib ki, "bütün ittihamlardan azaddır".

Son pərdə hələ enməyib

Avropada isə proses davam edir. Böyük Britaniyada və digər ölkələrdə Epşteynlə əlaqəli şəxslər vəzifələrini itirir, araşdırmalar başlanır. Ən diqqətçəkən məqam isə budur: Epşteyn işində hələ də həbsdə olan yeganə şəxs onun əsas ortağı Gisleyn Maksvelldir. O, Konqres qarşısında ifadə verməkdən imtina edib. Bu isə o deməkdir ki, Epşteyn işi hələ bitməyib. Sadəcə, indi sual başqadır: Bu sistemi quranlar nə vaxt cavab verəcək?

Link kopyalandı!
Son xəbərlər