PKK əfv olunacaqmı? AKP-li millət vəkili Moderator.az-a Türkiyənin qəti mövqeyini açıqladı
Dünya
193
12:46, Bu gün

PKK əfv olunacaqmı? AKP-li millət vəkili Moderator.az-a Türkiyənin qəti mövqeyini açıqladı

AKP-nin Malatyadan seçilmiş millət vəkili, Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının üzvü, professor doktor Abdurrahman Babacan, Moderator.az-a verdiyi özəl açıqlamada ‘Terrorsuz Türkiyə’ prosesinin yol xəritəsi barədə danışıb. Babacan Türkiyənin terrorla mübarizədə gəldiyi mərhələni, İraq və Suriya sahəsində aparılan əməliyyatları, Türkiyə Böyük Millət Məclisində hazırlanan yeni hüquqi çərçivəni və demokratik islahat prosesini dəyərləndirib.

“Terrorla mübarizə təkcə Türkiyə sərhədləri ilə məhdudlaşmır”

Babacan bildirib ki, Türkiyə üçün terror təhlükəsinin bitməsi yalnız ölkə daxilində deyil, region miqyasında təmin olunmalıdır:

“Bizim baxımımızdan terror bölgələri ilə uzlaşan hər hansı layihə qəbuledilməzdir. Təkcə Türkiyənin PKK terrorundan tam təmizlənməsi yetərli deyil. Şükürlər olsun ki, bu mərhələ artıq gerid ə qalıb və 26 oktyabrda təşkilat Türkiyəni tamamilə tərk edib. Lakin İraq və Suriya sahələri də bizim üçün son dərəcə kritik əhəmiyyət daşıyır. Terror təşkilatının bu ərazilərdə mövcudluğunu davam etdirməsi o deməkdir ki, təhlükə tam aradan qalxmayıb. Ona görə də biz məsələyə regional təhlükəsizlik kontekstində yanaşırıq.”

“Pəncə-Kilid bölgəsi təmizlənib, əməliyyatlar dərinləşdirilir”

İraqın şimalında aparılan hərbi əməliyyatlardan danışan Babacan sahədə mühüm nəticələr əldə edildiyini vurğulayıb:

“İraq ərazisində Pəncə-Kilid əməliyyat bölgəsində strateji nöqtələr tamamilə təmizlənib. Terror təşkilatının bu ərazilərdəki hərəkət və sığınacaq imkanları aradan qaldırılıb. Hazırda əməliyyatlar vadinin digər tərəfinə – Hakurk, Qara və Qəndil istiqamətində davam etdirilir. Bu bölgələrdə də istədiyimiz nəticəni əldə etsək, terrorla mübarizədə daha dərin və qalıcı bir mərhələyə keçmiş olacağıq.”

“Mağaralar məhv edilir, geri dönüş ehtimalı sıfırlanır”

Silahların təhvil verilməsi proesinin yalnız bəyanatlarla məhdudlaşmadığını deyən Babacan, faktiki tədbirlərin görüldüyünü qeyd edib:

“Sahədə silahların yerə qoyulması, silahsızlaşdırma prosesinin hansı mərhələdə olduğu daim nəzarət altındadır. Silahları yerə qoyduqdan sonra terror təşkilatının istifadə etdiyi mağaralar partladılaraq məhv edilir. Bu mağaralar adi yerlər deyil, böyük uzunluqda və dərinlikdə olan, içərisində xəstəxanalar qurulmuş nəhəng yaşayış sahələridir. Mən bunların bəzisini şəxsən görmüşəm. Bu ərazilər təkcə PKK üçün yox, hər hansı bir terror təşkilatının gələcəkdə istifadəsinin qarşısını almaq məqsədilə tamamilə sıradan çıxarılır.”

1469239

“Suriyada dövlət içində dövlət ola bilməz”

Babacan Suriyanın gələcəyi ilə bağlı Türkiyənin mövqeyinin dəyişməz olduğunu bildirib:

“Suriyanın şimalında və ya şimal-şərqində ayrıca federativ quruluşun yaradılmasına qətiyyən icazə verilməz. Ayrı bir dövlət və ya terror dövləti bizim üçün qırmızı xətdir. Amma iş bununla da bitmir. Suriya dövləti daxilində öz ordusu olan, dövlət içində dövlət kimi fəaliyyət göstərən hər hansı terror strukturu da qəbuledilməzdir. YPG və SDG əslində PKK-nın Suriya qoludur və Qəndildən idarə olunur.”

“ABŞ-ın maraqları ilə Türkiyənin qırmızı xətləri üst-üstə düşür”

Babacan bildirib ki, ABŞ-ın bölgəyə baxışında ciddi dəyişiklik müşahidə olunur:

“ABŞ artıq bölgədəki bəzi qüvvələrin və paramilitar strukturların yaratdığı qeyri-sabitliyin fərqindədir. Yeni bir xaos dalğasının ABŞ üçün də ağır nəticələr doğuracağını anlayırlar. ABŞ-ın əsas rəqibi Çin və Sakit okean regionudur. Yaxın Şərqdə hər bir böhran onların əsas mübarizəsini təxirə salır. Bu səbəbdən hazırda ABŞ-ın maraqları ilə Türkiyənin qırmızı xətləri böyük ölçüdə üst-üstə düşür.”

“Bu proses heç bir bazarlığın nəticəsi deyil”

‘Terrorsuz Türkiyə’ prosesinin qətiyyən danışıqlar və ya güzəştlər üzərində qurulmadığını deyən Babacan vurğulayıb:

“Türkiyə bu məsələdə son dərəcə qətidir. Lazımdırsa müharibə, lazımdırsa əməliyyat. ‘Terrorsuz Türkiyə’ prosesi heç bir bazarlığın nəticəsi deyil. Bunun ən açıq sübutu proses davam edərkən sahədə heç bir boşluğun buraxılmamasıdır. Nə ölkə daxilində, nə də xaricdə terror təşkilatlarına ən kiçik güzəşt edilib.”

“Silahların buraxılması təsdiqlənmədən Məclis mərhələsinə keçilməyəcək”

TBMM-də aparılan işlərə də toxunan Babacan əsas şərti açıq şəkildə ifadə edib:

“Əgər həqiqətən yeni bir Türkiyə qurmaq istəyiriksə, əvvəlcə terrorun tam bitdiyini, silahların həqiqətən buraxıldığını sahədə təsdiqləməliyik. Bu, bizim üçün vazkeçilməz ilkin şərtdir. 2013-cü ildə buraxılan səhvləri yenidən təkrarlaya bilmərik.”

“Əfv də yoxdur, ümid yeri də yoxdur”

İctimaiyyətdə müzakirə edilən “ümid haqqı” məsələsinə də münasibət bildirən Babacan deyib:

“Bizim baxışımızda nə əfv var, nə də ümid haqqı. Xüsusilə Öcalan üçün ayrıca bir hüquqi tənzimləmə qətiyyən gündəmdə deyil. Söhbət Avropa İnsan Haqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarlarının icrasından gedirsə, bu artıq hüquq dövlətinin tələbidir. Amma şəxsə xüsusi yanaşmadan söhbət gedə bilməz.”

“Ortaq hesabat bu ay açıqlanacaq”

Babacan, Məclisdə partiyalar arasında ciddi uzlaşma olduğunu bildirib:

“Hazırda Məclisdə güclü bir razılaşma mühiti mövcuddur. Ortaq hesabat üzərində ciddi irəliləyiş əldə etmişik. Bu ay ərzində hesabat tamamlanacaq və ictimaiyyətə təqdim ediləcək. Sahədə silahların tam buraxıldığı təsdiqlənərsə, qarşıdakı aylarda zəruri qanun layihələri Məclisin gündəminə gətiriləcək.”

 

Rumiyyə MİRASLAN

 

 

Link kopyalandı!
Son xəbərlər