Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib
Dünya
125
06 Feb 2026 | 23:35

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto videooyunların hazırlanması sahəsində genişmiqyaslı investisiya layihəsinin başladığını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, investisiyaların stimullaşdırılması üzrə mövcud sistemin 11 il əvvəl tətbiq edilməsindən sonra ilk dəfə olaraq hökumət macar videooyun istehsalçısı olan şirkətin elmi-tədqiqat və təcrübi-konstruktor layihəsini dəstəkləyəcək.

Moderator.az xəbər verir ki, söhbət Budapeştdə 4,5 milyard forint dəyərində layihə həyata keçirən “Neocore Games Development Kft.” şirkətindən gedir. Dövlət dəstəyi 1,5 milyard forint təşkil edəcək və paytaxtda yüksək əlavə dəyərə malik yeni yüksək ixtisaslı iş yerlərinin yaradılmasına imkan verəcək.

Nazirin sözlərinə görə, beynəlxalq səviyyədə rəqabətədavamlı şirkət yüksək keyfiyyətli narrativ məzmunun hazırlanması proqramı çərçivəsində yeni texnologiyalar və müasir hekayəçilik üsullarını tətbiq edəcək. Nəticədə tarixdə ilk dəfə tam macar AAA kateqoriyalı oyunun yaradılacağı gözlənilir.

Siyarto vurğulayıb ki, qlobal oyun sənayesində rəqabət hələ başa çatmayıb və Macarıstan bu sahədə lider mövqelər tutmağa hazırdır. O, hökumətin kreativ sənaye nümayəndələri ilə birgə ölkəni kino sənayesindən sonra videooyun sektorunda da dünya liderləri sırasına çıxara biləcək investisiya mühiti formalaşdırmağa hazır olduğunu bildirib.

Xarici işlər naziri, həmçinin xatırladıb ki, son illərin ardıcıl böhranlarına baxmayaraq, Macarıstan iqtisadiyyatı dayanıqlılıq və innovasiya potensialı nümayiş etdirir. Hökumətin məqsədi Macarıstanı Avropanın innovativ iqtisadiyyatlarından birinə çevirməkdir.

Link kopyalandı!
Son xəbərlər