Bu gün Moskvada naməlum şəxs Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi(QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Əsas versiya Ukrayan xüsusi xidmət orqanlarının əməliyyatı hesab olunur.
Rusiya mediasının məlumatına görə, naməlum şəxs Alekseyevin kürəyindən bir neçə dəfə atəş açıb və sonra qaçıb.
Bildirilir ki, sui-qəsd general mənzilindən çıxarkən Volqoqrad şossesindəki yaşayış binasının pilləkənlərində baş verib. Sakinlər silah səsləri və kömək çağırışları eşidiblər. Hadisə yerinə çatanda Alekseyevin qan içində olduğunu görüblər.
Bəs general Alekseyev nə ilə tanınıb və nədən hədəf seçilib?
Moderator.az xəbər verir ki, generalla bağlı Ukrayna mediasında dərc edilən məlumata görə, Alekseyev Ukraynanın Vinnitsa vilayətinin Qolodki kəndində anadan olub və boya başa çatıb. Lakin buna baxmayaraq, Ukraynaya qarşı müharibənin ən aktiv iştirakçısı və tərəfdarlarından sayılıb.
2011-ci ildən bəri Alekseyev Rusiya QRU rəisinin birinci müavini vəzifəsində çalışıb. O, Rusiya hərbi kəşfiyyatında əsas fiqur hesab olunur. Suriyanın bombalanmasında iştirakına görə Alekseyev “Rusiya Federasiyası Qəhrəmanı” adına layiq görülüb.
2014-cü ildə o, “Vaqner” özəl hərbi şirkətinin kuratorlarından biri olub. 2023-cü ilin yayında isə “Vaqner”in muzdluları üsyana başlayanda o, döyüşçüləri “ağıllarını başlarına yığmağa” çağırıb.
“Rus dünyası”nın və Donbasdakı separatizmin əsas fiqurlarından olan terrorçu İqor Qirkin(Strelkov) general Alekseyevin “Vaqner”in və digər Rusiya özəl hərbi şirkətlərinin yaradılmasının arxasında durduğunu bildirib. Strelkovun sözlərinə görə, Luqanskdakı "LNR"-in komandiri Mozqovoya hədə-qorxu gələn və sonra onu “Vaqner”in köməyi ilə öldürən də general Alekseyev olub.
Bundan əlavə, bu general Qərbdə də “şöhrət qazanıb”. Onun adı xüsusən də Solsberidə “Noviçok”un istifadəsi, eləcə də 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı araşdırmalarda hallanır.
Ukraynaya xəyanət edən daha bir fiqur - Oleq Tsaryov, Alekseyevə hücumdan sonra öz “telegram” hesabında generalın hərbi cani olduğunu təsdiqləyən paylaşım edib. Tsaryov yazıb ki, Alekseyev Ukraynada çoxsaylı işğalçı əməliyyatlar planlaşdırıb və hətta onlarda şəxsən iştirak edib. Vətən xaini qeyd edib ki, Ukraynaya qarşı demək olar, elə bir hərbi kəşfiyyat, diversiya və s. əməliyyat olmayıb ki, orada Alekseyevin hansısa şəkildə iştirakı olmasın.
Qeyd edək ki, bundan öncə son olaraq 22 dekabr 2025-ci ildə Moskvada daha bir Rusiya generalı məhv edilmişdi. Həmin vaxt general-mayor Fanil Sarvarov öz avtomobilində partladılmışdı. (“AzPolitika.info”)