Albaniya XİN başçısı: Avropa İttifaqına üzvlüyün gecikməsi təhlükəsizlik riskləri doğurur
Dünya
171
19:57, Bu gün

Albaniya XİN başçısı: Avropa İttifaqına üzvlüyün gecikməsi təhlükəsizlik riskləri doğurur

Albaniyanın Avropa İttifaqına (Aİ) inteqrasiyası Aİ və ABŞ üçün strateji maraq təşkil edir.

Moderator.az xəbər verir ki, bunu Albaniyanın Avropa və xarici işlər naziri Eliza Spiropali Qərbi Balkanlarda təhlükəsizlik məsələləri və geosiyasi rəqabət kontekstində bildirib.

Vaşinqtonda Atlantik Şurasının təşkil etdiyi "Qərbi Balkanlar İrəli" sammitində çıxış edən E.Spiropali qeyd edib ki, AİO-nin Qərbi Balkanlara doğru genişlənməsi bürokratik mükafatlandırma mexanizmi yox, geostrateji alət kimi qəbul edilməlidir:

"Qərbi Balkanlar artıq post-münaqişə regionu deyil, Avropada təhlükəsizliyin və rəqabətin ön cəbhəsidir. Regional qeyri-sabitlik, Rusiyanın təsiri və hibrid təzyiqlər isə genişlənməni bu gün daha da aktuallaşdırır".

O vurğulayıb ki, genişlənmə prosesində gecikmələr zərərli xarici aktorları cəlb edə biləcək strateji boşluqlar yaratmaqla təhlükəsizlik riskləri doğurur:

"Genişlənmə ləyaqət əsasında olmalıdır, lakin eyni zamanda vaxt məhduddur. Hər hansı gecikmə təhlükəsizlik riski təşkil edir. Artıq sual genişlənmənin ehtiyatla aparılıb-aparılmaması deyil, gecikmələrin təhlükəsizlik təhdidinə çevrilib-çevrilməməsidir".

Nazir həmçinin Aİ-nin genişlənməsinin ABŞ üçün də strateji əhəmiyyət daşıdığını, bunu xeyriyyə aktı deyil, preventiv strategiya forması kimi qiymətləndirib:

"ABŞ və Aİ arasında mövcud mübahisələrə baxmayaraq, Qərbi Balkanlar Avro-Atlantik uyğunluğun sınağı rolunu oynaya bilər".

E.Spiropali ölkəsinin 2030-cu ilə qədər Aİ-yə üzvlüyü təmin etməyi hədəflədiyini vurğulayıb.

Səfəri zamanı Albaniya XİN başçısı həmçinin ABŞ Prezidenti Donald Trampın Albaniya Baş naziri Edi Ramanı Sülh Şurasına qoşulmağa dəvət etməsini güclü siyasi etibar göstəricisi və Albaniyanın konstruktiv beynəlxalq rolunun tanınması kimi dəyərləndirib.

Xarici işlər naziri ölkəsində qanunun aliliyi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, demokratik institutların gücləndirilməsi sahələrində irəliləyiş əldə olunduğunu qeyd edib, eyni zamanda ABŞ-nin dəstəyinin, xüsusilə məhkəmə islahatının irəlilədilməsində həlledici olduğunu deyib

O bildirib ki, Albaniyanın Qərb dəyərlərinə uyğunlaşması ölkənin kimliyi və təhlükəsizlik reallıqlarına əsaslanan strateji seçimdir:

"İdarələr dəyişir və siyasətlər genişlənir, amma Albaniyanın strateji kompası Avro-Atlantik icmadan uzaqlaşmayacaq və uzaqlaşa bilməz".

Link kopyalandı!
Son xəbərlər