ABŞ Dövlət katibi Marko Rubio Çinin də daxil ediləcəyi yeni bir nüvə müqaviləsinə ehtiyac olduğunu bildirib.
Moderator.az xəbər verir ki, Rubio bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Rusiya 2023-cü ildə Yeni START (Strateji Silahların Azaldılması Müqaviləsi) razılaşmasına əməl etməyi dayandırıb:
“Hər hansı bir müqavilədə ən azı iki tərəf olmalıdır. ABŞ-ın qarşısında iki seçim var idi: ya tək tərəfli qaydada razılaşmaya əməl etmək, ya da yeni dövrün yeni yanaşmalar tələb etdiyini qəbul etmək. Köhnə START yox, yeni bir mexanizm olmalıdır. Elə bir müqavilə ki, ABŞ bir yox, iki nüvə qüdrəti – Rusiya və Çinlə üz-üzə qalsın”, – Rubio vurğulayıb.
ABŞ-ın ali diplomatı iddia edib ki, Çin 2020-ci ildən bu yana nüvə başlıqlarının sayını 200-dən 600-ə qədər artırıb və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib ola bilər.
“Çinin artan nüvə arsenalının nəzərə alınmadığı istənilən razılaşma şübhəsiz ki, ABŞ və müttəfiqlərimizin təhlükəsizliyini azaldacaq”, – Marko Rubio xəbərdarlıq edib.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında Yeni START müqaviləsinin müddəti başa çatıb. Beləliklə, 1972-ci ildən bəri ilk dəfə olaraq iki ölkənin strateji nüvə silahlarının sayını məhdudlaşdıran heç bir hüquqi mexanizm qüvvədə deyil.