Hollivudun tanınmış aktrisası Ancelina Colinin adı ABŞ tarixindəki ən böyük qalmaqallardan biri olan “Epşteyn işi” ilə bağlı məxfi sənədlərdə üzə çıxıb.
Moderator.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yanvarın 30-da ictimaiyyətə açıqladığı sonuncu sənəd toplusunda aktrisanın maliyyəçi Ceffri Epşteynlə yazışmaları aşkar edilib.
Arxiv materiallarına görə, Coli 2014 və 2017-ci illərdə Epşteyni öz filmlərinin qapalı nümayişlərinə və özəl məclislərinə dəvət edib. Məlumatda bildirilir ki, aktrisa maliyyəçiyə elektron poçt vasitəsilə iki dəfə dəvət göndərib. Azyaşlıların cinsi istismarında ittiham olunan Epşteyn isə bu dəvətlərə minnətdarlıqla cavab verərək tədbirlərdə iştirak edəcəyinə söz verib.
Qeyd edək ki, sözügedən sənədlər Prezident Donald Trampın seçki vədlərinə uyğun olaraq məxfiliyi ləğv edilmiş 180 min foto və minlərlə yazışmadan ibarət “Epşteyn Kitabxanası” platformasının bir hissəsidir.
Xatırladaq ki, C. Epşteyn 2019-cu ildə cinsi istismar şəbəkəsi idarə etmək və insan alveri ittihamı ilə həbs olunsa da, məhkəmə qarşısına çıxa bilmədən Manhetten həbsxanasında müəmmalı şəkildə ölüb. Yeni sənədlərdə həmçinin Bill Qeyts, şahzadə Endryu və digər dünya şöhrətli məşhurların da maliyyəçi ilə sıx əlaqələri barədə şok detallar yer alıb.
Onu da bildirək ki, ABŞ Ədliyyə Nazirliyi isə zərərçəkmişlərin şikayətlərindən sonra “Epşteynin işi” ilə bağlı bir neçə min sənədi silmək qərarına gəlib.