"Müvəqqəti çıxış yolu, Tramp və Putinin şəxsi təsdiqi və Əbu-Dabidə pərdəarxası danışıqlar..."
ABŞ və Rusiya Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasın dair yeni "New START" sazişinin müddətinin uzadılması ilə bağlı razılaşmaya xeyli yaxınlaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, müqavilənin qüvvədə olma müddəti bu gün başa çatır və tərəflər son anda nüvə balansının qorunması üçün müvəqqəti də olsa çıxış yolu axtarır. Mənbələrin bildirdiyinə görə, razılaşma prinsiplər üzrə formalaşıb, lakin yekun qərar hələlik ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin şəxsi təsdiqini tələb edir. Danışıqlar son 24 saat ərzində Əbu-Dabidə aparılıb, amma hələlik rəsmi imza mərhələsinə keçilməyib.
"New START" nəyi məhdudlaşdırır və niyə həlledicidir
"New START" (ingiliscə Strategic Arms Reduction Treaty") ABŞ və Rusiyanın nüvə arsenalını məhdudlaşdıran son qüvvədə olan müqavilədir. Bu iki ölkə birlikdə dünya üzrə nüvə başlıqlarının təxminən 85 faizinə sahibdir. Saziş qitələrarası ballistik raketlərdə, sualtı qayıqlarda və strateji bombardmançılarda yerləşdirilən nüvə başlıqlarının sayına limit qoyur, eyni zamanda qarşılıqlı şəffaflıq və yoxlama mexanizmlərini nəzərdə tutur. Müqavilənin qüvvədən düşməsi nüvə silahlanmasına nəzarət sistemində ciddi boşluq yarada bilər.
Əbu-Dabidə pərdəarxası diplomatiya
Nəşrin məlumatına görə, danışıqlarda ABŞ tərəfini prezident Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner təmsil edib. Görüşlər Ukrayna müharibəsi ətrafında aparılan daha geniş diplomatik təmasların bir hissəsi olub və Rusiya ilə paralel kanallar üzərindən həyata keçirilib. Hazırda qeyri-müəyyənlik əsasən razılaşmanın formatı ilə bağlıdır: sənəd rəsmi olaraq uzadılacaq, yoxsa tərəflər sadəcə altı ay kimi qısa müddətli öhdəlik götürərək müqavilə şərtlərinə əməl etməyə davam edəcəklər.
Çin amili və Ağ Evin şübhələri
Ağ Evin "New START"-ın uzadılmasına ehtiyatla yanaşmasının əsas səbəblərindən biri sazişdə Çinin yer almamasıdır. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, XXI əsrdə effektiv silahlara nəzarət Pekinin iştirakı olmadan mümkün deyil. Halbuki Çinin nüvə arsenalı ABŞ və Rusiyadan kiçik olsa da, sürətlə böyüyür və Pekin hələlik bu tip razılaşmalara qoşulmaq niyyətində deyil. Mənbələrə görə, növbəti mərhələdə razılaşmanın birbaşa Tramp və Putinin imzası ilə rəsmiləşdirilməsi istisna edilmir.