İrəvan müvafiq dəvət göndərərsə, Rusiya Ermənistandakı parlament seçkilərinə müşahidəçi göndərməyə hazırdır.
Moderator.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko cümə axşamı Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdə digər məsələlərlə yanaşı, seçkilərə müşahidəçi göndərmək də müzakirə olunub.
"Biz Ermənistanın firavan olmasını, ölkədə sabit siyasi vəziyyətin hökm sürməsini arzulayırıq, çünki erməni xalqı ilə əlaqələrimizi çox əziz tutur və müsbət qiymətləndiririk", - Matviyenko deyib.
O qeyd edib ki, parlamentlərarası dialoq davam edəcək, çünki bu, hər iki dövlətin və xalqın maraqlarına uyğundur.
Matviyenko Ermənistanla Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu da bildirib.
Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılır.