Dünya
424
20:57, Bu gün

"Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək" - Zelenski

"Rusiya Donbasın hamı tərəfindən Rusiyanın tərkib hissəsi kimi tanınmasını tələb edir..."

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna müharibənin dayandırılması və ya sülh sənədlərinin imzalanmasından əvvəl ABŞ-dan konkret təhlükəsizlik zəmanətlərinin verilməsini əsas şərt hesab edir.

Moderator.az xəbər verir ki, bu fikirləri o, Polşa baş naziri Donald Tusk ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında səsləndirib. Məlumatı "tsn.ua" nəşri yayıb.

Zelenski bildirib ki, bu zəmanətlər olmadan nə atəşkəs, nə də müharibənin başa çatması ilə bağlı hər hansı razılaşma mümkün deyil. Prezident Ukraynanın əvvəlcə atəşkəsə razı olması ilə bağlı iddialara cavab verərək deyib: "Biz atəşkəsə hazır idik. Amma buna razılaşmalı olan tərəf Rusiyadır". Onun sözlərinə görə, atəşkəsin bütün şərtləri 20 maddəlik planda əks olunub və ABŞ təhlükəsizlik zəmanətlərini istənilən "sülh sazişi"ndən əvvəl rəsmiləşdirməlidir.

Ukrayna ordusu - əsas təhlükəsizlik dayağı

Zelenski vurğulayıb ki, Ukrayna paralel olaraq öz daxili təhlükəsizlik mexanizmlərini gücləndirəcək. Bu çərçivədə Ukrayna ordusunun sayının 800 min nəfər səviyyəsində saxlanılması planlaşdırılır. Onun sözlərinə görə, müharibədən sonra ordu səfərbərlik  sistemindən müqaviləli xidmətə keçəcək. Prezident yeni müdafiə nazirinə ön xətdə xidmət edən hərbçilər üçün yüksək əməkhaqqı mexanizmi hazırlanması tapşırığını verib. Zelenski əlavə edib ki, bu yükün öhdəsindən gəlmək üçün Avropanın maliyyə dəstəyinə ehtiyac var: "Ukrayna ordusu Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsidir".

Əsir mübadiləsi: danışıqlarda real nəticə

Zelenski danışıqlar fonunda əsir mübadiləsi mövzusuna da toxunub. Onun sözlərinə görə, bu gün 157 ukraynalı hərbçi Rusiyanın əsirliyindən azad edilərək vətənə qaytarılır. Prezident bildirib ki, bu mübadilə üçtərəfli danışıqların konkret nəticəsidir və Ukrayna tərəfi yeni mübadilələr üçün də danışıqları davam etdirməyi tapşırıb. Zelenski qeyd edib ki, hava həyəcan siqnalının səslənməsi müharibənin hələ bitmədiyini açıq göstərir, lakin dialoqun davam etməsi müəyyən ümid yaradır.

Donbas: kompromis var, güzəşt yoxdur

Zelenskinin sözlərinə görə, müharibənin bitməsi üçün Ukraynanın bəzi işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanıması ilə bağlı "yeni siqnallar" yayılır. Prezident bu iddiaları qətiyyətlə rədd edib. "Bizim yerimizə heç kim sənəd imzalaya bilməz. Ərazilərimiz bizimdir - onların statusu yalnız müvəqqəti olaraq işğal altındadır", - Zelenski vurğulayıb. O, əlavə edib ki, kompromis axtarışı mümkündür, lakin Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək.

Link kopyalandı!
Son xəbərlər