ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi işində İlon Mask və Dövlət Departamentinin bəzi rəsmiləri ifadə vermək üçün məhkəməyə çağırılacaqlar.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Donald Tramp ABŞ prezidenti vəzifəsinə başladıqdan dərhal sonra Maskın rəhbərliyi altında fəaliyyət göstərən Hökumət Səmərəliliyi Departamenti (DOGE) ABŞ-nin büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. Nəticədə, Maskın təşəbbüsü ilə USAID-in fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və sonrakı yenidənqurma planları hazırlanıb.
Portalın məlumatına görə, Mask və Dövlət Departamentinin bəzi rəsmiləri USAID işçilərinin agentliyə maliyyələşmənin azaldılması ilə bağlı məhkəmə iddiaları qaldırması səbəbindən dinləməyə çağırılıblar. Hakim Teodor Çouanın sözlərinə görə, Maskı ifadə vermək üçün məhkəməyə çağırmaqdan başqa çarə qalmayıb. Hakim əlavə edib ki, sənədlərdən və ya vəzifəli məmurlardan kifayət qədər məlumat almaq mümkün deyil.