İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza sektorunda "İslami Cihad" qruplaşmasının şimal briqadasının iki komandirini zərərsizləşdirib.
Moderator.az-ın məlumatına görə, bu barədə İMQ-nin mətbuat xidməti açıqlama yayıb.
"Çərşənbə gecəsi atəşkəs razılaşmasının pozulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri zərbə endirib və "İslami Cihad" terrorçu təşkilatının şimal briqadasının komandiri vəzifəsini icra edən Əli Razianunu zərərsizləşdirib", – deyə bəyanatda qeyd olunub.
İMQ-nin məlumatına görə, zərərsizləşdirilən şəxs terrorçuların köçürülməsinə, şimal briqadasının müdafiə planının təmin edilməsinə cavabdeh olub, həmçinin qruplaşmanın hərbi şurasında iştirak edərək HƏMAS-la birlikdə İsrail ordusuna qarşı hücumların hazırlanmasını koordinasiya edib.
Bundan əlavə, Qəzzadakı "Şati" qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində HƏMAS hüceyrəsinin lideri və "İslami Cihad"ın şimal bölməsinin komandiri Məhəmməd Assam Həsən əl-Habil də zərərsizləşdirilib. İsrail ordusunun məlumatına görə, o, əsir götürülmüş hərbçi Noa Marçianonun öldürülməsinə görə məsuliyyət daşıyır.
Ordunun mətbuat xidməti daha əvvəl bildirmişdi ki, çərşənbə gecəsi terrorçular Qəzza sektorunun şimalında İsrail qoşunlarına atəş açıblar və nəticədə bir zabit ağır yaralanıb.